25 may 2025 00:58
80

Holger Münx: Sağçı ekstremist cinayətkar gənclər qruplarının sayı artır

Almaniya Federal Kriminal Polis İdarəsinin (BKA) rəhbəri Holger Münx sağçı ekstremist cinayətkar gənclər qruplarının sayının artdığını açıqlayıb.

İki sahil” xəbər verir ki, “Funke” media qrupuna danışan Münx deyib: "Artıq bir ildir ki, biz sağçı baxışlı gənclərin getdikcə daha çox radikallaşdığını və bəzən yaxşı təşkil olunmuş strukturlarda birləşərək ağır cinayətlər törətdiyini daha çox görürük".

Onun sözlərinə görə, internet getdikcə sağçı qüvvələrin nümayəndələri üçün şəbəkə məkanına çevrilir: “Radikallaşma, səfərbərlik sosial şəbəkələr və sağçı radikal forumlar vasitəsilə baş verir”.

Mayın 21-də Almaniya hüquq-mühafizə orqanları özünü “Sonuncu müdafiə dalğası” adlandıran sağçı ekstremist terror təşkilatına üzv olmaqda və ona dəstək verməkdə şübhəli bilinən 14-18 yaş arası beş nəfəri həbs edib. Onlardan dördü bu təşkilata üzv olmaqda, biri isə onu dəstəkləməkdə şübhəli bilinir. Saxlanılanların hamısı Almaniya vətəndaşlarıdır. Şübhəlilər qaçqınlara və siyasi dissidentlərə qarşı hücumlar planlaşdırıblar.

“Sonuncu müdafiə dalğası” təşkilatının üzvləri özlərini “alman milləti”nin müdafiəsində son çarə hesab edirlər. Onların məqsədi ilk növbədə miqrantlara və siyasi opponentlərə qarşı zorakılıq aktları vasitəsilə Almaniya Federativ Respublikasında demokratik sistemin dağılmasına nail olmaqdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”