24 may 2025 18:25
90

İslamabadda 28 May - Müstəqillik Günü təntənə ilə qeyd edilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

“İki sahil” xəbər verir ki, Pakistanın neft üzrə federal naziri Əli Pərviz Malikin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin əvvəlində ilk öncə Azərbaycan və Pakistan himnləri səsləndirilib və Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən səfir Xəzər Fərhadov, 107-ci ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR ) keçdiyi müstəqillik yolu haqqında iştirakçılara müfəssəl məlumat verib. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu dövr ərzində ilk parlament, hökumət, dövlət atributları formalaşdırılmış, sərhədlər müəyyən olunmuş, dövlət quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmış, həmçinin Azərbaycanın milli dövlətçilik tarixində demokratik ənənələrin əsası qoyulmuşdur. Səfir əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etmiş və Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin sayəsində öz suverenliyini qoruyub saxlaya bilmişdir. Həmin siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir.

Səfir həmçinin, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa etdiyini diqqətə çatdıraraq, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” olaraq elan edildiyini qeyd edib.

Azərbaycanın beynəlxalq arenadakı fəal roluna diqqət çəkən səfir Xəzər Fərhadov, ölkəsinin Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi bir sıra nüfuzlu təşkilatlara uğurla sədrlik etdiyini vurğulayıb. O, xüsusilə Azərbaycanın COP29-a ev sahibliyi etməsini qeyd edərək, bu tədbirin ölkənin qlobal iqlim liderliyini göstərdiyini və beynəlxalq əməkdaşlıq üçün vacib platforma yaratdığını bildirib. Səfir, qardaş Pakistanın bu tədbirdə Baş nazirin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını məmnunluqla xatırladıb, iki dost və qardaş xalq arasında bütün sahələrdə olduğu kimi iqlim əməkdaşlığı yolunda da dinamik inkişafından bəhs edib.

Tədbirin ali qonağı Pakistanın neft üzrə federal naziri Əli Pərviz Malik öz çıxışında əvvəlcə Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şehbaz Şərif, Pakistan hölüməti və şəxsən öz adından ürəkdən təbrik edib. İki ölkə arasındakı qardaşlıq münasibətləri barədə danışan federal nazir bu əlaqələrin sarsılmaz təməllərə söykəndiyini bildirib və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Pakistan ilə Azərbaycanın bir-birini həm ikitərəfli formatda, həm də regional və beynəlxalq platformalar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəklədiyini diqqətə çatdıran federal nazir, Hindistan-Pakistan arasında yaşanmış son gərginliklər zamanı ölkəsinə münasibətdə göstərilən sarsılmaz həmrəylik və qətiyyətli dəstəyə görə Azərbaycan hökumətinə və qardaş xalqına səmimi minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda “28 May-Müstəqillik Günü”nün 107-ci ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib, xatirə şəkilləri çəkilib.