Mayın 23-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclası açan parlamentin sədri Milli Məclisin nümayəndə heyətinin İspaniyaya rəsmi səfəri barədə danışıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Nizami Səfərov, Sahib Alıyev, Əziz Ələkbərov, Elnarə Akimova, Elman Nəsirov, Kamran Bayramov, Azay Quliyev, Vüqar Bayramov, Tural Gəncəliyev çıxış ediblər.
Deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfərinin, bu səfər çərçivəsində Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakının, dövlət başçımızın bu önəmli tədbirdə səsləndirdiyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Çıxışlarda, həmçinin Qərbi Azərbaycana dinc yolla, təhlükəsiz şəkildə qayıdışın hazırda aktual məsələlərdən olduğu söylənilib.
Deputatlar, eyni zamanda, Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Ermənistanla sülh müqaviləsi üzrə razılıq əldə edilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Fikir mübadiləsi zamanı deputatlar habelə bir sıra digər aktual məsələlərə də toxunublar, bəzi qeyd və təkliflərini açıqlayıblar.
Sonra Qərbi Azərbaycana qayıdış məsələsinin aktuallığını nəzərə alınaraq, bu mövzuda dəyirmi masanın keçirilməsi təklif edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini söyləyib. O, birinci məsələnin “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) olduğunu deyib.
İclasda bu məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Müzakirələr zamanı deputat Aydın Hüseynov məsələ barədə öz fikirlərini açıqlayıb və komitə sədri Əli Hüseynli buna aydınlıq gətirdikdən sonra Konstitusiya Qanununun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti beş məsələsindən ikisi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqında olub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
Deputat Hikmət Məmmədov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, Saziş 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb. 13 maddədən ibarət olan Sazişin məqsədi bitki xəstəliklərinə və ziyanvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini təmin etməkdir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Layihəyə uyğun olaraq, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun 2-ci maddəsinə "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" yubiley medalı" məzmununda yeni hissə əlavə edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsindən danışıb.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər yeddi məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) söhbət açıb.
Deputat bildirib ki, "Dövlət qulluğu haqqında" Qanuna bir sıra dəyişikliklər edilərək, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bu dəyişikliklərin icrası məqsədi ilə "Pasportlar haqqında" Qanuna təklif edilən düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir.
Bununla yanaşı, "Dövlət qulluğu haqqında" Qanunda Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi ilə bağlı dəyişiklik təklif olunur və həmin quruma dair müvafiq müddəaların qanundan çıxarılması nəzərdə tutulur. Bu qanuna təklif olunan digər dəyişiklikdə inzibati və yardımçı vəzifələr təsnifatına Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi əlavə edilir.
Parlamentin komitə sədri Fazil Mustafa və deputat Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini bölüşdükdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.
Komitə sədri qeyd edib ki, layihə Dünya Bankı Qrupunun “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb.
Sənəddə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması nəzərdə tutulur.
Qanun layihəsində nəzərdə tutulan digər dəyişiklik müddətlərin qısaldılması ilə bağlıdır.
Deputat Bəhruz Məhərrəmov məsələ barədə fikir və qeydlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O bildirib ki, layihə vərəsəlik hüquq münasibətlərində tərəflərin – həm miras qoyanın, həm də vərəsənin hüquq və maraqlarının ədalətli şəkildə qorunmasına xidmət edir.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Vurğulanıb ki, layihə ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı isə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxış edib. Diqqətə çatdırılıb ki, layihə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanıb. Təklif olunan dəyişikliyə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan pambıq qəbulu sənədinin, yəni müvafiq qaydada tərtib edilmiş “pambıq qəbulu qəbzi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Dəyişikliklərlə bağlı deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi inzibati xətalarla bağlı protokolların və qərarların elektron qaydada izlənilməsini, mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılmasını və bununla da inzibati cərimələrdən daxil olan vəsaitlərin şəffaflığını və hesabatlılığını təmin etməkdir.
Dəyişikliklərlə bağlı komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. O, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərin səhmlərinin buraxılışı, dövlət qeydiyyatı və yerləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı qanun layihəsində təsbit olunan müddəaları diqqətə çatdırıb.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.