Mayın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Komitədən verilən məlumatab görə, Prezident Administrasiyasının rəsmisi yeni seçilmiş Şura üzvlərini təbrik edib, ictimai nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, Şuradan gözləntiləri diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İctimai Şura üzvlərinə dövlətin bu istiqamət üzrə apardığı işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Görüş zamanı Şura üzvlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb.
Görüşdə həmçinin Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun baş məsləhətçisi Ələkbər Quliyev, Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova da iştirak ediblər.