Burada xüsusilə vurğulamaq lazımdır ki, ölkə liderləri arasında şəxsi təmaslar, İlham Əliyevlə Viktor Orbanın həyata keçirdikləri müstəqil kurs böyük Avropa qitəsində Azərbaycan-Macarıstan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Təsadüfi deyil ki, 2024-cü ilin iyununda İlham Əliyev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşündə demişdi: “Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriləndə ilk olaraq Macarıstan bizim müdafiəmizə qalxır. Amma bilirəm ki, bu səbəbdən Macarıstan da Avropa İttifaqının bəzi dövlətlərinin təzyiqləri ilə üzləşir. Budapeşt ədalətin tərəfindədir və beynəlxalq hüquqa hörmətlə yanaşması beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır”. Macarıstan hər zaman ikili standartlara qarşı olduğunu qətiyyətlə ifadə edir. Biz bunu ölkənin rəsmi şəxslərinin verdikləri bəyanatlarda görə bilərik. Rəsmi Budapeştin mövqeyi belədir ki, Avropa İttifaqı həm Azərbaycana, həm də Ermənistana qarşı konstruktiv və balanslı yanaşmaya riayət etməlidir. Bakının pislənməsi Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mənfi təsir göstərə və münaqişənin sülh yolu ilə həlli səylərinə mane ola bilər. Bu, Macarıstan hökumətinin Avropa ictimaiyyətinə açıq mesajı idi. Həmçinin, bu ilin aprelində Macarıstan rəsmi olaraq qeyri-Aİ ölkələrinin müdafiə potensialını gücləndirmək, münaqişələrin qarşısını almaq və sülhü təşviq etmək məqsədi daşıyan bədnam Avropa Sülh Fondu (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro “qeyri-öldürücü” hərbi yardımın ayrılmasına mane oldu. Belə ki, Budapeşt fond vasitəsilə Ermənistana pul axınının qarşısını almaqla Aİ-nin yürütdüyü müharibə siyasətinə və ikili standartlara qarşı çıxış etdi. Beləliklə, Macarıstan bir daha nümayiş etdirdi ki, Azərbaycan kimi o da müharibə deyil, sülh mövqeyi tutur və bu, iki ölkəni yaxın strateji tərəfdaş edir. Bu və digər nümunələr bir daha göstərir ki, Bakı ilə Budapeşt arasında strateji tərəfdaşlıq uzunmüddətli perspektivə yönəlib və başqa alternativ ola bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Macarıstanın apardığı müstəqil siyasət və bunun hazırkı mürəkkəb zamanda nə qədər çətin olduğunu qeyd edib: Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”. Dövlət başçımızın bu fikirləri xüsusi olaraq diqqətəlayiqdir. Macarıstanın müstəqil siyasət aparması Aİ-ni narahat edir. Məsələn, Macarıstanın türk dövlətləri ilə yaxınlaşması Aİ-ni qıcıqlandırır və Budapeştə əlavə problemlər yaradır. Bu, xüsusilə Viktor Orbanın 2024-cü ilin iyulunda Azərbaycanda keçirilən TDK-nın qeyri-rəsmi sammitində iştirakından sonra özünü daha aydın şəkildə büruzə verdi. Avropa İttifaqının o zamankı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bundan narazılığını bildirdi və qeyd etdi ki, Macarıstan liderinin Şuşada keçirilən sammitdə iştirakı yalnız Macarıstan və Macarıstan arasında ikitərəfli münasibətlər çərçivəsində baş tutub. Macarıstan TDK ilə münasibətləri inkişaf etdirmək üçün Aİ-dən mandat almadı. Lakin bütün bunlar bu ölkənin ümumən türk dünyası dövlətləri ilə, xüsusən də Azərbaycanla dostluq münasibətlərinə heç bir şəkildə təsir göstərmədi. Elə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirak edəcəyi Türk Dövlətləri Təşkilatına (TDK) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirilməsi də buna əyani sübutdur. Bütün bunlar bir daha göstərir ki, Macarıstanın baş naziri Viktor Orban həqiqətən də Avropanın ən müstəqil siyasətçilərindən biridir. Macarıstanın çoxvektorlu siyasət yürüdür. Son illərdə Orban macarların türk xalqları ilə tarixi-mədəni əlaqələrinə, eləcə də praqmatik maraqlarına arxalanaraq, türk dünyası ilə əlaqələri ardıcıl olaraq gücləndirir. enerji, investisiya, təhlükəsizlik layihələrini həyata keçirir.
Prezident Əliyev açıqlamasında Macarıstanla enerji, eləcə də yaşıl enerji sahəsində uğurlu əməkdaşlığın olduğunu qeyd etmiş və gələcək perspektivlər haqqında fikirlərini səsləndirmişdir: “Macarıstanın ehtiyacları səviyyəsində qaz tədarükünü qura bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və o, genişlənir, yeni qaz yataqları istifadəyə veriləcək... Qaz ixracının coğrafiyasına nəzər salsanız, görə bilərsiniz ki, Azərbaycan təkcə Avropada deyil, həm də dünya miqyasında boru kəməri qazının nəqli coğrafiyasına görə dünya liderləri sırasındadır. Gələcəkdə qaz ehtiyatlarımızı inkişaf etdirməyi planlaşdırırıq”. Viktor Orbanın bu gün beynəlxalq diplomatiyada çaşqınlıq olduğu və bu, əməkdaşlığı zəruri edən bəyanatı da diqqətəlayiqdir. "Azərbaycan artıq 20 ildir ki, istənilən çətin vəziyyətdə Macarıstanı dəstəkləyir". Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Macarıstan istənilən xarici çağırışlara baxmayaraq, həm Cənubi Qafqaz regionunda, həm də bütövlükdə dünyada gərginlik yaratmağa yönəlmiş ümumi bədxahların maraqlarına zidd olaraq vahid strategiyaya riayət edəcəklər.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor