21 may 2025 12:24
246

Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfələr verir

“Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda geosiyası və geoiqtisadi mövqeyini möhkəmləndirməklə özünü “orta güc” mərkəzi kimi təsdiq etməkdədir. Dövlət başçısının “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər bunun göstəricisidir”.

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi  potensialını daha da inkişaf etdirməklə nəinki Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzinə, bütövlükdə Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib: “Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları, tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini müəyyən edən, qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi qəbul edilir. Cənab Prezidentin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Avropanın da Azərbaycanla hesablaşdığı və “orta güc” kimi qəbul edilməsi kimi dəyərləndirilməlidir. Zirvə toplantısında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cənab Prezident İlham Əliyevlə görüşü və müzakirə olunan məsələlər də bunu deməyə əsas verir. Görüşdə Aİ rəhbərləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyi arxitekturasının təmin olunmasında, həmçinin Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə çox əhəmiyyətli rolunu xüsusi qeyd etdilər. Avropalı liderlər onu da bəyan etdilər ki, Azərbaycanın oynadığı bu əhəmiyyətli rol regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin, sıx əməkdaşlıq formatların yaranmasına ciddi töhfə verir. Bu isə o deməkdir ki, Azərbaycan dinləyən tərəf deyil, diktə edən və fikri ilə hesablaşılan ölkədir. Azərbaycanla hesablaşmayan ölkə hər hansı fayda əldə edə bilməz”. 

Müşfiq Məmmədli qeyd edib ki, bu tədbirdə Fransa prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq görüşməsini və jestlərini bunun bariz nümunəsi hesab edə bilərik. Makron da anlayır ki, Azərbaycan Prezidenti ilə hesablaşmamaqla nəinki Cənubi Qafqaz bölgəsində, ümumiyyətlə digər bölgələrdə də uğur əldə edə bilməyəcək. Əksinə, uğursuzluqlara düçar olacaq, necə ki, biz bu gün bunun şahidi olmaqdayıq.

“Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edib daha güclü dövlətə çevrilməklə bərabər, hər zaman regional və qlobal miqyasda söz sahibi olan ölkə rolunda çıxış edəcək”.