17 may 2025 16:47
127

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda Kardiologiya İnstitutu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. O dövrdə belə institutların yaranması respublika səviyyəsində deyil, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələlər idi. Yəni, Ulu Öndər o dövrdə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresdə deyib. O diqqətə çatdırıb ki, Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın. O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı.

“Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı.

Bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir”, - deyə Komitə sədri qeyd edib.