17 may 2025 16:10
129

Bu gün Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin önündəki rəqəm sayı artdıqca çox sevinirəm. Çünki bir neçə xüsusiyyətinə görə biz bu Konqresi ənənəyə çevirə bildik. Hər iki ildən bir may ayında keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur. Ulu Öndərin Azərbaycanın dövlət kimi qurulmasında və ölkənin səhiyyə sisteminin inkişaf etdirilməsindəki rolunu məndən əvvəlki çıxışçılar çox gözəl qeyd etdilər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təsisçisi və fəxri sədri Kamran Musayev “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində deyib.

K.Musayev müstəqilliyin ilk illərinin Azərbaycan üçün çətin olduğunu, lakin 2000-ci ildən etibarən ölkədə artıq müasir səhiyyə ocağının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, həmin səhiyyə ocağının prioritet sahəsi ürək-damar xəstəlikləri, onların diaqnostikası və müalicəsi idi. “Mən də həmin mərkəzi xəstəxanada 2001-ci ildən etibarən ürək-damar cərrahı kimi fəaliyyət göstərdim. Həqiqətən, o illərdə ölkəmizdə istər diaqnostik, istər intervension, istərsə açıq cərrahiyyə mənasında bir mərkəzi klinika var idi. Azərbaycanın sürətli inkişafı nəticəsində bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi icra olunur. Mən bu konfransda həmin bölgədə çalışan həmkarlarımı da görürəm və çox sevinirəm. Yəni, tarix üçün çox da uzun zaman olmayan 20-25 ildə Azərbaycan səhiyyəsinin və ölkəmizdəki ürək-damar xəstəlikləri ilə məşğul olan səhiyyə sahələrinin inkişafını bundan daha yaxşı göstərən əyani fakt ola bilməz. Ona görə də bütün bunların memarı kimi AÜDCC-in təşkil etdiyi Konqresi Ümummilli Liderimizin əziz xatirəsinə həsr etmişik”.

Bu konqresdə fəxri sədr kimi iştirak etdiyini deyən Kamran Musayev gələcəkdə də hər il may ayında Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş bu tədbirin Azərbaycan kardioloqları, kardiocərrahları tərəfindən davam etdiriləcəyinə əminliyini bildirib. O, çıxışında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın da bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını qeyd edib. “Məhz bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində uğurlar əldə olunub. Biz, ürək həkimləri olaraq insanların ürək-damar xəstəlikləri ilə məşğul oluruq. Amma bu gün mən Azərbaycan vətəndaşı olaraq qürurla çıxış edirəm. Çünki artıq bizim Azərbaycanımızın yaralı ürəyi müzəffər Ali Baş Komandanımız tərəfindən bərpa olunub və mən bu gün suveren, müstəqil, qalib Azərbaycanın vətəndaşıyam”, - deyə K.Musayev diqqətə çatdırıb.