Cəlilabad rayonu, Gülməmmədli kəndində dünyaya göz açan Cavid Vəlican oğlu Paşayevin ömür yolu cəmi 23 il çəkdi. Amma 44 günlük haqq savaşımızda qəhrəmanlıq salnaməsini yaratmaqla qısa həyatı əbədiyaşar oldu. Vətən qarşısında son borcunu şərəflə verən Cavidin adı çəkiləndə bütün Azərbaycan xalqı onunla qürur duyur. Qərinələr ötəcək, Cəlilabad elinin igid oğlunun yeri ürəklər olacaq. Üstəlik göstərdiyi qəhrəmanlıqlara görə dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü, Cəbrayıl və Qubadlının azadlığına görə medalları da adına şərəf gətirəcək.
Vətənə, torpağa bağli qəhrəman kimi yetişən Cavid Paşayev 2015-ci ildə orduya gedib. Bəxtinə cəbhə bölgəsində xidmət etmək düşüb. Yağıdan qisas almaq istəyi ilə qəlbi alovlanan Cavid Azərbaycanı canından əziz bilməklə onun keşiyində ləyaqətlə durub. Cəsurluğu, igidliyi, mərdliyi əsgərlərə nümunə göstərilib və xidmət etdiyi hərbi hissədə böyük hörmət və nüfuz sahibi olub. Əsl vətəndaş, mənəvi cəhətdən zəngin insan, vətənpərvər əsgər olduğunu sübut edib. Həmçinin döyüş meydanında ermənilərə yerini göstərmək üçün həyata keçirilən bütün sınaq təlimlərdən fərqlənib. Ən əsası məqamı gələndə yağıya əsir düşən Qarabağımızın azadlığı naminə öz qanını halal etməyə hər an hazır durub.
İkinci Qarabağ müharibəsində erməni dığaların layiqli cəzasını verməkdən ötrü Cavid könüllü döyüşə yollanıb. Sinəsində Vətən, torpaq sevgisini yaşadan polad biləkli igid əlinə silah götürüb “Təki Vətən yaşasın!” deyə ən qaynar nöqtələrdə yağıya od qoyub. Ölüm-dirim savaşlarda hünəri, dığalara vurduğu zərbələr gündən-günə artıb. Neçə-neçə düşmən postunun məhv edilməsində qəhrəmanlıq göstərib. Son nəfəsinə qədər müharibə meydanında çıxmayan Vətən sevdalısı Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.
Bəli, Cavid kimi mərd oğlanların axıtdığı qanla torpaq Vətən oldu. Vətən, millət yolunda şüurlu surətdə canlarını fəda edənlər hər cür hörmətə layiq olmaqla heç vaxt unudulmur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü