16 may 2025 01:25
99

Qardaş ölkə "Terrorsuz Türkiyə" hədəfinə nail olur

PKK terror təşkilatının keçirdiyi qurultayda özünün ləğvini rəsmi elan etməsi türk dünyasının, «Türk Əsri»nin, turançılığın qələbəsidir

2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) «Türk Əsri» çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə beynəlxalq terroizmə qarşı birgə mübarizənin əhəmiyyətini bəşəri dəyərlərin, humanizmin qoruması baxımından dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulması, müharibələrin, milli münaqişələrin davam etməsi beynəlxalq aləmdə narahatlıq yaratmaqla sülhə tədiddir.

30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan və burada qeyri-qanuni qondarma rejim yaradan Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində yüzlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulması mənəvi terrorun, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, tarixi və dini abidələrimizi dağıdılıb təhqir olunması ekoloji terrorun tərkib hissələridir. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ildə Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam təmin edən Azərbaycan eyni zamanda erməni faşizmini süquta uğratdı. «Biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu birliyə terrorizmə, təhdidlərə qarşı birgə mübarizə sayəsində nail olmaq mümkündür.

Torpaqlarımızı işğal altında saxladığı müddətdə PKK ilə işbirliyi yaradaraq narkotik bitkilərin yetişdirilməsi ilə məşğul olan Ermənistan Qarabağdan bu maddələrin transferi kimi də istifadə etmişdir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın yanında məskunlaşan PKK-nın qərargahında Azərbaycan əleyhinə hazırlanan əməliyyatlar yüzlərlə soydaşımızın ölümü ilə nəticələnib. Ermənistandan PKK terrorçularına verilən vizalar rəsmi İrəvanın Fransadakı səfirliyi tərəfindən reallaşdırılaraq silahlılar müxtəlif ölkələrə göndərilib. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki 12 düşərgədə təlim keçən terrorçular Ermənistanın hakim dairələri ilə əlbir fəaliyyət göstəriblər.

«Apo» ləqəbi ilə tanınan terrorçubaşı Abdullah Öcalanın tərəfdarlarına silahlı mübarizəni dayandırmaqla bağlı müraciətindən sonra PKK terror qruplaşmasının 12-ci qurultayında özünü buraxdığını elan etməsi ilə tarixi missiyasını bitirən təşkilat tərəfindən yüzlərlə günahsız insanın qətlinin qarşısının alınması deməkdir. Bu məntiqi sonluq eyni zamanda türk dünyasının qələbəsidir. İllərdən bəri Türkiyə üçün əsas bəla olan PKK-nın silahlarını yerə qoyması, özünü ləğv etməsi ilə «Terrorsuz Türkiyə» dönəmi başlayır. Məsələ ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edən Prezident İlham Əliyev «X»dəki rəsmi səhifəsində paylaşım edib. Paylaşımda deyilir: «Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi «Terrorsuz Türkiyə»” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram.» 

Prezident İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq bu tarixi hadisə münasibətilə türk xalqına əmin- amanlıq arzulayıb. Bu sahədə illərdən siyasi iradə göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətlərini yüksək dəyərləndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir. Terrorla 41 illik mübarizəni zəfərlə bitirən Türkiyədə sülh olacağına əminliyini ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi «Türk əsri» adlanan yüzillikdə Türkiyənin terrora qarşı mübarizəsinin uğurla nəticələnməsi türkçülüyün, turançılığın da qələbəsdir.

Razılaşmaya görə, PKK-nın BMT-nin müşahidəsi altında silahlarını təhvil verməsi ilə Türkiyənin milli təhlükəsizlik problemi öz həllini tapacaq. İllərdən bəri Türkiyədə törətdikləri qanlı, kütləvi qırğınlarla yüz minlərlə günahsız insanın qətlinə səbəb olan PKK-nın ləğvi bütünlükdə türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsinə əsaslı təsir göstərəcək. Suriyada, İraqda belə hərbi əməliyyatlar keçirərərək bölgədə sabitliiyn təminatına önəmli töhfələr verən Türkiyənin Silahlı Qüvvələri artıq yalnız ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi ilə məşgul olacaq. İnsanların daha təhlükəsiz şəraitdə yaşaması təmin ediləcək. Bölgələrin iqtisadi və sosial inkişafı üçün qüvvələr səfərbər olacaq. Ankara ilə Qərb arasında dialoqda yeni imkanlar yaranacaq. Mühafizəkar qüvvələrin, silahlı birləşmələrin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısı alınacaq. Qlobal Cənub üçün əhəmiyyətli olan Zəngəzur və Orta Dəhliz, Transxəzər kimi önəmli ticarət və logistika layihələrinin reallaşması üçün daha təhlükəsiz mühit yaradılacaq. Enerji, nəqliyyat və təhlükəsizlik hallarına qarşı mübarizədə türk dünyası önəmli gücə çeviriləcək.

Etiraf olunmalıdır ki, bu hadisə təkcə Ankara üçün deyil, bütövlükdə türk dünyası üçün simvolik və strateji dönüş nöqtəsidir. Xatırladaq ki, torpaqlarımız Ermənistanın işğalı altında qaldığı illərdə ASALA kimi erməni terror birləşməsi ilə əməkdaşlıq edən PKK-nın silahlıları dinc, günahsız azərbaycanlıların qətlində də iştirak etmişdir. Alınan qərara görə, digər ölkələrdə olduğu kimi, PKK-nın Ermənistandakı silahlı birləşmələri də tərksilah ediləcək. Terrorlardan ən çox əziyyət çəkən ölkə olmaqla silahlı birləşmələrə qarşı mübarizədə fəallılq göstərən Azərbaycan üçün də önəmli olan bu hadisə Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcək. İkinci Qarabağ müharibəsində torpaqlarını işğaldan azad edən, 2023-cü ildə suverenliyinin tam bərpasına nail olan və Qarabağdakı qondarma rejimi tarixin zibilliyinə göndərən Azərbaycanın hərbçiləri qardaş Türkiyənin Silahlı Qüvvləri ilə birgə keçirdikləri hərbi-təlimlər terrora qarşı mübarizənin ifadəsidir. PKK-nın silahı yerə qoyması, Azərbaycanın torpaq bütövlüyünü tam və mütləq şəkildə bərpa etməsi, türk dövlətlərinin dünya siyasətinə daha geniş sahədə inteqrasiyası müasiri olduğumuz yüzilliyin səhifələrinə simvolik deyil, həqiqi mənada «Türk Əsri» kimi yazılacaq.

Əsas məsələ odur ki, PKK-nın silahları İraqın Süleymaniyə və Ərbil şəhərlərində Türkiyə dövlət qurumlarının müşahidəsi altında təhvil veriləcək. Hazırda isə PKK-nın digər qollarının fəaliyyətinin dayandırılması isiqamətində danışıqlar aparılır. Təşkilatı üzvlərinin cəmiyyətə inteqrasiyası və digər məsələlərdə mərhələli həlli ilə bağlı təkliflər nəzərdən keçirilir. Təşkilatın rəhbər heyətinə daxil olan təxminən 300 nəfər üçüncü ölkələrə göndəriləcək. Onların əsasən Cənubi Afrika və Norveç kimi Avropa və Afrika ölkələrinə yerləşdirilməsi nəzərdə tutulur. Cinayət törətməyən, yalnız təşkilatla əlaqəsi olan digər üzvlər isə yaşadıqları ölkələrə geri dönə biləcəklər. Türkiyə vətəndaşı olan təxminən 4 min nəfər təşkilat üzvü mərhələli şəkildə Türkiyə sərhədinə gətiriləcək. Bu mərhələdə ilk olaraq «Diyarbəkir anaları”» kimi tanınan ailələrin övladlarının geri qaytarılması təmin olunacaq. Maraqlı məqamlardan ən əsası odur ki, bu prosesdə vaxtıilə PKK-nı yaradanlar, silah-sursatlarla , maliyyə vəsaitləri ilə təmin edən beynəlxalq aktorlar, xüsusilə ABŞ və Fransa kimi, zamin dövlətlər iştirak etməyəcəklər. Proses tamamilə Türkiyənin iştirakı ilə aparılacaq. Uzun illərdir Türkiyənin daxili təhlükəsizliyinə, sabitliyinə və milli birliyinə qarşı təhdid yaradan PKK terror təşkilatının fəaliyyətlərinə son qoyulması istiqamətində aparılan danışıqlar sayəsində rəsmi Ankara dünyada regional güc olaraq milli maraqlarını qorumaq yolunda fəaliyyətini daha geniş miqyasda davam etdirəcək. Qardaş ölkə daxilində arabir də olsa yaranan türk-kürd münaqişələri aradan qaldırılacaq. Milli mənsubluğundan asılı olmayaraq türk vətəndaşları arasında ümumi həmrəyəlik gücləndiriləcək. Bu vəhdət ölkədə birliyi möhkəmləndirəcək, ümumi dövlət maraqlarına uyğun addımlar atılacaq. Qalib qardaşlıq, həmrəylik, birlik, ədalət olacaq. «Tanrı türkü qorusun!» şüarı daha yüksək tribunalardan səslənəcək.

Xuraman İsmayılqızı, «İki sahil»