13 may 2025 22:42
119

Dörd ayda ixrac olunan neft və qazın həcmi açıqlanıb

Azərbaycanı beynəlxalq arenada neft və qaz ixrac edən ölkə kimi tanıdan “Əsrin müqaviləsi”nin səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, Cənub Qaz Dəhlizinin, eləcə də Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinin (TANAP) istismara verilməsi, enerji, neft-qaz sahəsində  nəhəng, irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Ümumilikdə ötən illərdə Azərbaycanın neft-qaz sektorunda böyük nailiyyətlər əldə olunub, karbohidrogen məhsullarının ixracı potensialı artıb.

Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel ayları üzrə 4 ayda respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin aprel ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib. 4 ay ərzində neftin emalı 1,8 milyon ton təşkil edib.

Nazirliyin məlumatında o da bildirilir ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb. Bu da onu bir daha təsdiq edir ki, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə Avropaya çataraq enerji təchizatı təhlükəsizliyinə töhfə verir.

Onu da bildirək ki, istismara verildiyi 2018-ci ilin 30 iyun tarixindən 31 dekabr 2024-cü il tarixinə olan məlumata görə, Azərbaycan qazını nəql edən TANAP vasitəsilə ümumi həcmi 73,54 milyard kubmetr olan təbii qaz daşınıb. Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi 30,80 milyard kubmetr, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi 42,74 milyard kubmetr olub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2025-ci il tarixinədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 may 2025-ci il tarixinədək təqribən 654,9 milyon ton neft, 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Orxan Vahidoğlu, “İki sahil”