13 may 2025 16:18
117

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq işlərinin bənzərsiz miqyası və əhatə dairəsi nəinki özümüzü, hətta ən qatı bədxahlarımızı da heyrətləndirməyə bilmir. Gözlərimiz önündə gerçəkləşən “Böyük Qayıdış” Proqramının hər layihəsi milli-mənəvi dəyərlərimizə sarsılmaz bağlılığın, Dövlətin öz vətəndaşına həssas və qayğıkeş münasibətinin əyani nümayişidir. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər, elə həmin gün Şuşada inşa olunacaq dördüncü yaşayış kompleksinin təməlini qoydular. Səfər çərçivəsində “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istismara verilməsi, yerli əhali üçün iş yerlərinin yaradılması bir daha göstərir ki, “Böyük Qayıdış” Proqramında insanlarımızın rahat və layiqli yaşayışı üçün ən xırda detallar belə nəzərə alınıb. İşğal dövründə erməni vandallarının torpaqlarımızda törətdiyi vəhşiliyin acımasız izləri icra olunan hər layihə ilə Qarabağdan və Şərqi Zəngəzurdan həmişəlik silinir. Xarici qonaqların bir ağızdan “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamda aparılan quruculuq işləri yağı düşmən təfəkkürü ilə əsl ev sahibinin öz torpağına münasibəti arasındakı fərqi dünyaya bir daha nümayiş etdirir. Prezident İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də Kəngərli kəndinin birinci mərhələsinin açılşını etdi, ilkin olaraq 292 fərdi evin açarı keçmiş məcburi köçkünlərə təqdim olundu. Kəngərlidə inşa edilən 484 şagird yerlik tam orta məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi, habelə yerli icra strukturları üçün çoxfunksiyalı inzibati bina da yerli əhalinin istifadəsinə verildi. Ağdam Muğam Mərkəzinin açılışı isə həm də o deməkdir ki, “Qarabağ Şikəstəsi”nin sədası muğam beşiyimiz olan Ağdamda, Qarabağda bundan sonra əbədi səslənəcək. Prezident İlham Əliyev 32 ildən sonra Kəngərliyə qayıdan əhali ilə görüşündə Muğam Mərkəzinin milli yaddaşımız üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi vurğuladı: “Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub”. 

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, bir tərəfdən, torpaqlarımızdan erməni vəhşiliyinin izlərini silir, digər tərəfdən, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın işğalçı Ermənistan və himayədarları üzərində mütləq və tam qələbə qazandığını bütün dünyaya, o cümlədən bədxahlarımıza dönə-dönə xatırladır. Prezident İlham Əliyev üç il əvvəl Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında Qələbənin arxasında dayanan tarixi həqiqəti açıq mətnlə belə ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Son iki əsri də aşan tariximizdə milli qürurumuzun və ədalətin təntənəsini ifadə edən bu tarixi Zəfər asan başa gəlmədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu tarixi Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, xalqımızı isə vətəndaş müharibəsi təhlükəsindən qoruyan fədakar Xilaskarlıq missiyası dayanır! Əgər bu, baş verməsəydi, müstəqil Azərbaycanla bağlı dövlətçilik təfəkkürü o zamankı siyasət oyunbazlarının səriştəsizliyinə, hərc-mərcliyinə və mənəm-mənəmliyinə qurban gedəcəkdi. Azərbaycanın qazandığı möhtəşəm Qələbə ilə bir daha sübut olundu ki, Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyası bu gün də yaşayır, siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezidentin Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi növbəti açıqlama onun Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Dövlət Xadimi ərkanına ruhən və tərəddüdsüz bağlı olduğunu bir daha təsdiq edir: “Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax, mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı”. 

 Bu açıqlama bir çoxları üçün əlçatmaz olan ən böyük nailiyyətin-möhtəşəm ümumxalq birliyinin tarixi Qələbəmizin qorunması və gələcək uğurlarımız üçün yeganə təminat düsturu olduğunu təsdiq edir. Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzində səsləndirdiyi növbəti fikir isə Azərbaycanda Lider və Vətəndaş birliyini görməzdən gələn dairə və ölkələrə ən tutarlı ayıltma mesajıdır: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, -hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”. 

Ermənistanda hələ də revanş hissi ilə yaşayan siyasət dəllalları, sözdə sülhdən danışsa da, əməldə kütləvi silahlanma yolunu seçmiş Ermənistan hökuməti, açıq və ya gizli şəkildə onlara himayədarlıq edən dairə və ölkələr  bilməlidirlər ki, Qarabağdan erməni vəhşiliyinin izləri tədricən silinsə də, nə bu cinayətlər, nə Xocalı soyqırımı, nə də separatizmin qızışdırılmasında  əli olanların heç biri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək! Yeni məkrli oyunları ilə sülhə mane olmağa və Cənubi Qafqazı qarışdırmağa çalışanlar onu da bilməlidirlər ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın birliyi qarşısında növbəti dəfə kapitulyasiya etməyə məcbur olacaqlar!

Ülvi Quliyev,                   

Milli Məclisin deputatı