12 may 2025 02:46
141

Almaniyanın Münster şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi dərs keçirilib

Almaniyanın Münster şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xüsusi dərs təşkil edilib. Avropa Azərbaycan Mərkəzinin təşəbbüsü ilə keçirilən “Azərbaycan dilini qürur və sevgi ilə öyrən” layihəsi çərçivəsində fəaliyyət göstərən bu həftəsonu məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin, canlarını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə Allahdan şəfa arzulanıb.

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev və həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, onun Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində misilsiz xidmətləri haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Ümummilli Liderin siyasəti bu gün də Azərbaycan diasporunun fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Dərsin ən maraqlı cəhəti şagirdlərlə yanaşı, valideynlərin də fəal iştirakı olub. Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş informativ dərs uşaqlar və böyüklər üçün birgə öyrənmə və milli irsimizlə bağlı daha dərindən tanışlıq imkanı yaradıb.

Dərsin davamında “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” sənədli filmi nümayiş etdirilib. Filmdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixində əvəzsiz rolu, onun uzaqgörənliyi, doğma Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən ətraflı söz açılıb.

Tədbirin sonunda valideynlər və uşaqlar belə dərslərin həm milli kimliyin möhkəmlənməsi, həm də ailəvi birlik və maarifləndirmə baxımından çox önəmli olduğunu vurğulayıblar. Bu cür təşəbbüslərin xaricdə yaşayan azərbaycanlı ailələrin Azərbaycan dilinə, mədəniyyətinə və tarixinə bağlılığını gücləndirdiyi, gənc nəsildə milli ruhun yaşadılmasına töhfə verdiyi qeyd olunub.