Azərbaycanda səfərdə olan özbəkistanlı media nümayəndələrinin iştirakı ilə Şəki, Lahıc və Şamaxıya mediatur təşkil edilib.
“İki sahil” xəbər verir ki, Medianın İnkişafı Agentliyindən bildirilib ki, mediatur çərçivəsində qonaqlar Azərbaycanın tarixi-mədəni irsi ilə tanışlıq məqsədilə Böyük İpək Yolunun üzərində yerləşən, zəngin memarlıq nümunələri və mədəni dəyərləri ilə tanınan, Özbəkistanın Kokand şəhəri ilə qardaşlaşmış Şəki şəhərinə səfər ediblər. İlk olaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm Şəki Xan Sarayı ziyarət olunub. Daha sonra qonaqlar 1867-ci ildə tikilmiş “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət edib, ardınca isə Şəki Dövlət Rəsm Qalereyası, Cümə məscidi və Kiş məbədinə baş çəkiblər.
Eyni zamanda, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu da ziyarət edilib. Media nümayəndələri Lahıcın tarixi mədəniyyət abidələri, burada aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan planlar və layihələr haqqında ətraflı məlumatlandırılıb.
Sonda isə qonaqlar Şamaxı Cümə Məscidi və Şahxəndan türbəsini ziyarət edərək bölgənin tarixi və mədəni irsi ilə tanış olublar.