09 may 2025 14:41
132

ING 2025-ci il üçün qazın qiyməti üzrə proqnozunu yenidən nəzərdən keçirib

Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci il üçün Niderlandın TTF birjasında təbii qazın orta qiyməti ilə bağlı proqnozunu daha əvvəl gözlənilən bir meqavat/saat üçün (MVt/s) 45 avrodan 39 avroya endirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report” bankın yenilənmiş hesabatına istinadən xəbər verir.

ING-nin hesablamalarına görə, 2025-ci ilin birinci rübündə qazın orta qiyməti bir MVt/saat üçün 47 avro olub, ikinci rübdə 35 avro, üçüncü rübdə 37 avro, dördüncü rübdə isə 39 avro olacağı gözlənilir.

ING-nin məlumatına görə, “Azadlıq Günü”ndən (Aİ-nin Rusiya qazından tam imtina etməsindən) bəri TTF-də qiymətlər 20 %-dən çox ucuzlaşıb. Bununla belə, bankın analitikləri qeyd edirlər ki, tarif siyasətində qeyri-müəyyənlik qalır və tələbata təsir etməkdə davam edir.

“Avropa son aylarda mayeləşdirilmiş təbii qaz (LNG) tədarük həcmini əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ilin aprelində Aİ-nin yenidən qazlaşdırma həcmi rekord həddə çatıb. Bu, Çində LNG-yə tələbatın azalması ilə mümkün olub: 2025-ci ilin ilk üç ayında Çinin LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 21 %-dən çox azalıb. Bu amil Avropa ölkələrinə qlobal bazarda daha çox qaz almaq imkanı yaradıb. Qiymətlərin daha da aşağı düşməsi halında Çinin tələbatının potensial artımı bazarda tarazlığı dəyişə biləcək amildir”, - hesabatda qeyd olunur.

ING həmçinin qeyd edir ki, Aİ 2025/26 qış mövsümü üçün qaz anbarlarının doluluq səviyyələri üzrə hədəflərinə yenidən baxmağı düşünür və bu, mövsümlərarası dövrdə alış həcmlərində daha çox çeviklik demək ola bilər. Bu, anbarların doldurulması dövründə tələbin azalmasına və nəticədə qiymətlərə əlavə azaldıcı təzyiqə səbəb olacaq.

“TTF-in forvard əyrisi bərpa olunub və yay qiymətləri qış qiymətləri ilə müqayisədə endirimlə ticarət edilir ki, bu da ehtiyatların yığılmasını stimullaşdırır”, - hesabatda deyilir.

Hazırda Aİ-nin qaz anbarları 41 %-dən çox doludur ki, bu da mart ayındaki 34 %-dən yüksəkdir, lakin hələ də beşillik orta göstəricidən (51 %) aşağıdır. Qışa qədər 90 % hədəfə çatmaq 2022-ci ildən bəri ən böyük qazdoldurma həcmini tələb edəcək.

Bu amilləri – tələbin azalması risklərini, LNG tədarükünün artmasını və ehtiyatlarla bağlı vəziyyətin yaxşılaşmasını nəzərə alaraq ING 2025-ci il üçün proqnozunu bir MVt/saata görə 39 avro səviyyəsinə endirib və davam edən bazar gərginliyi səbəbindən onu daha da aşağı salmadığını vurğulayıb.

ING-nin hesablamalarına görə, TTF üzrə qazın orta illik qiyməti 2026-cı ildə bir MVt/saata görə 33 avro təşkil edəcək. Birinci rübdə onun qiymətinin 37 avro, ikinci və üçüncü rüblərdə 30 avro, dördüncü rübdə isə 34 avro səviyyəsində olacağı gözlənilir.