Analitiklər iddia edirlər ki, müasir dünyada insanların 70%-dən çoxu elektron cihaz və texnologiyalardan daimi istifadə nəticəsində rəqəmsal yorğunluq sindromu yaşayır. Eyni zamanda, araşdırmalara görə, artıq insanların böyük əksəriyyəti həyatlarını telefon və rabitəsiz təsəvvür edə bilmir. “Rusiyalı psixoloq Yeva Yefremova “Radio Rossii”yə müsahibəsində rəqəmsal detoksun necə təşkil olunması ilə bağlı danışıb.
Onun fikrincə, analitiklərin gətirdiyi rəqəmlər əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilir. Çünki bir çoxları rəqəmsal yorğunluqdan əziyyət çəkdiklərini belə, dərk edə bilməzlər.
"Təkamül yolu ilə biz çox uzun müddət inkişaf etmişik və beynimiz sadəcə olaraq, bir növ stimullaşdırmanın daim baş verməsinə uyğunlaşdırılmayıb. Əvvəllər belə idi ki, gün ərzində yalnız bir neçə mühüm hadisə baş verirdisə, indi - bir saat ərzində biz onlarla hadisə haqqında məlumat və ya şəkil, video ilə informasiya alırıq və hər dəfə beynimiz bütün bunlara vacib bir şey kimi reaksiya verir", - deyə mütəxəssis izah edib.
“Fizioloji baxımdan hormonal sistem, beyin yüklənmiş olur. Nəticədə, insan daha çox düşüncəli olur, narahatlıq yaşayır və yuxu problemləri yaranır”, -Yefremova bildirib.
"Son 15-20 ildə həyatımız sözün əsl mənasında dəyişib. Smartfonlar həyatımızın bir hissəsinə çevrilib, internet isə vəziyyəti daha da pisləşdirib. Əvvəllər yalnız zənglər və SMS-lər var idisə, indi sosial şəbəkələr, messencerlər var, biz onlayn ünsiyyətə öyrəşmişik. Bioloji baxımdan beyinə düşən yük ağlabatan həddi aşır", - Yefremova əlavə edib. Stressdən azad olmağın yollarından danışan psixoloq qeyd edib ki, cihazlardan istifadəyə sərf olunan vaxtı məhdudlaşdırmaq cəhdi əksər insanlar üçün arzu olunan nəticəni verməyəcək. Onun fikrincə,çox adam iki və ya üç gündən çox dayana bilmir. "Bunun üçün çox sadə məsləhətlər var. Birincisi, sadəcə olaraq, vəziyyəti müşahidə etmək vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır - bütövlükdə müəyyən bir tətbiqdə nə qədər vaxt sərf etdiyinizi hesablayacaq bir proqram quraşdırın. Ancaq özünüzü məzəmmət etmək üçün deyil, sadəcə olaraq nə qədər vaxt və hara sərf etdiyinizi qeyd etmək üçün bunu edin. Bu, istirahət günləri ola bilər - bir gün, yarım gün, üç saat, bir saat üçün özünüzlə razılaşa bilərsiniz və şüurlu olaraq özünüzə limit müəyyən edə bilərsiniz”, - Yefremova məsləhət görüb. Psixoloq onu da qeyd edib ki, bütün kommunikasiya vasitələrinin kəsilməsi ilə “meşəyə uzunmüddətli səfərlər kimi” radikal üsullar mütləq əks effekt verir – onda daha çoxunu istəyəcəksiniz.
Nubar Süleymanova, “İki sahil”