06 may 2025 14:51
115

Azərbaycanla Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi və Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üzrə tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Dövlət Turizm Agentliyindən "İki sahil"ə bildirilib ki, müqavilədə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də beynəlxalq xizək yarışlarının “Şahdağ” Turizm Mərkəzində təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edəcək.

Qeyd edək ki, növbəti qış mövsümündən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının təşkili planlaşdırılır.