06 may 2025 14:05
119

Belarusun Baş naziri Ağdam Sənaye Parkında olub

Belarusun Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkını ziyarət edib.

“İki sahil” “Report”a istinadla xəbər verir ki, Belarus hökumətinin başçısı parkın fəaliyyəti və rezidentləri ilə tanış olub.

Hazırda 27 sahibkarlıq subyekti parkın rezidenti, daha 5-i isə qeyri-rezidentidir.

Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. İnvestorlar tərəfindən artıq 66 milyon ABŞ dolları sərmayə qoyulub, 649 iş yeri yaradılıb.

Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Parkın fəaliyyətinin prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə və tərəvəzlərin konservləşdirilməsi, ət və süd məhsulları, yem və gübrə istehsalı, həmçinin xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s-dir.

Parkın sahəsi 190 hektardır və ərazinin 70 %-dən çox hissəsi artıq sahibkarların istifadəsinə verilib.