05 may 2025 20:17
112

Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm - Tramp

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp bildirib.

Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.

“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - o əlavə edib.