06 may 2025 01:56
107

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkənin ixrac coğrafiyasını genişləndirəcək

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır

Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqdadır. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımları sırasında oldu. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə Dövlət Neft Fondunun yaradılması ölkənin dayanıqlı inkişafını şərtləndirən amillər sırasındadır. Belə ki, Fondda toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi ölkəmizin dayanıqlı inkişafına geniş yol açır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi də özündə mühüm məqamları ehtiva edir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi digər neftlə zəngin olan ölkələrdən fərqli olaraq heç bir problemi yaşamamasını təmin etdi. Belə ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycan uğurlu inkişaf strategiyasını həyata keçirməklə bu problemdən tamamilə uzaq oldu. Ölkəmizdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, insanlar arasında bərabər bölgünün aparılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm addımların atılması ilə müşayiət olunur. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. 

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 21 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu rəqəm Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir. Prezident İlham Əliyevin  təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Sumqayıt Kimya Sənaye Parkında oldu, «Kartaş Kimya» MMC-nin tikinti kimyəvilərinin və «Az-Tex-İmport» MMC-nin «IVECO» markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak etdi. Məlumat üçün qeyd edildi ki, hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.  Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. İki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Dövlət başçısı İlham Əliyev, həmçinin «Az-Tex-İmport» MMC-nin «IVECO» markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak etdi. «Az-Tex-İmport» MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub. Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.

Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini dövrün tələblərinə uyğun  islahatları, iqtisadiyyatın şaxələndirilməsi siyasətini  uğurla həyata keçirməsi  ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. Özünüməşğulluq proqramının icrası, məşğulluğun təminatı,  əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir. Yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Cənab İlham Əliyev bu günlərdə Qusar rayonunda «İsmikhanlı» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış oldu. Bildirildi ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.  «İsmikhanlı» bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub.

Dövlət başçısı İlham Əliyevin bölgələrə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı regionların inkişafını qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluğunun təminatı kimi dəyərləndirərək hər zaman bölgələrin tərəqqisini diqqətdə saxlayır. Regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası da bunun bariz nümunəsidir.  Bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» mərkəzlərinin coğrafiyası genişlənir. «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. İşğaldan azad edilmiş ərazilərdə də bu mərkəzlərin yaradılması əsas hədəflər sırasındadır.

Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da bildirir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz bu ərazilərədir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir. Cənab İlham Əliyev tərəfindən tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanın, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»i təsdiqləyən Sərəncamın imzalanması da hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq üçün iqtisadi amilin əsas olduğunu açıqladı. Ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Həmin Prioritetdə qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı. Diqqət yetirsək görərik ki, ölkəmiz hər üç məqsədə yüksək səviyyədə nail olub.

Azərbaycan dövlətinin tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlaması, qısa müddətdə sadalamaqla bitməyən işlərin görülməsi də Azərbaycanın iqtisadi qüdrətinə əsaslanır. Dövlət başçısı İlham Əliyev 2024-cü il 7 fevral tarixində keçirilən  prezident seçkilərində inamlı qələbəsindən sonra  andiçmə mərasimində «Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir» söyləyərək onu da əlavə etdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir.

Qeyd edək ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri həyata keçirilib. Onlarla yaşayış məntəqəsinin təməli qoyulub. 2026-cı ilədək 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıtması nəzərdə tutulub. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Bu, sadəcə olaraq işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanının açılışı olub, üçüncüsü 2025-ci ilin əvvəllərində Laçında istifadəyə veriləcək. Yəni, geniş quruculuq işləri görülür və görüləcək. Köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və şəhərlərimizin tarixi siması bərpa ediləcək.

Əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Günümüzün əsas çağırışları sırasında bu məqamlar xüsusi qeyd edilir ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.

Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik.  İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahələrin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.»  Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.

Qısa təhlil iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinin Azərbaycana qazandırdığı nəticələrə işıq salır. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması artıq reallıqdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında yeni imkanlar açır.

Yeganə Əliyeva, «İki sahil»