4 iyul 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfər etmişdir. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir. Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur. Dövlət başçılarının qarşılıqlı səfərləri- 28 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. - 29 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. - 13 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. - 9 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir.
Zoya Caniyeva,
Xətai rayonu, Y.Yusifov adına 265 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi