30 aprel 2025 11:05
89

İİTKM-də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair ilk görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclas keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov 20-ə yaxın dövlət proqramının və strategiyanın monitorinqi və qiymətləndirilməsi üzrə Mərkəzin fəaliyyətini təqdim edərək, sözügedən Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə ətraflı məlumat verib.

Görüşdə Dövlət Proqramının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Dövlət Proqramının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışılıb.

İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə müzakirə aparılıb.