28 aprel 2025 11:50
74

Ötən il yeni imzalanan kollektiv müqavilələrin sayı 14 % artıb

Azərbaycanda 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir.

“İki sahil” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.

"Beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2.8 milyon insan iş yerlərində baş verən bədbəxt hadisə və peşə xəstəlikləri səbəbindən həyatını itirir. Bu, hər gün təqribən 7 500 insan itkisi deməkdir. Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrilib. Azərbaycan bu baxımdan müsbət nümunədir", - deyə o qeyd edib.

M.Musayevin sözlərinə görə, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı 2023-cü illə müqayisədə 14 % artıb: "Bu rəqəmlər açıq göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir. ASK olaraq biz uzun illərdir ki, əmək münasibətlərində məsuliyyətli və balanslı yanaşma nümayiş etdiririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə aramızda qurulmuş sosial tərəfdaşlıq əlaqələri, bu istiqamətdə ölkəmizdə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın parlaq nümunəsidir. Biz sahibkarlar olaraq anlayırıq ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, işçinin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır. Məhz buna görə də, biz Konfederasiya olaraq iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edirik. Ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb".

"Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır. Ümumdünya Əməyin Mühafizəsi Gününün ilk dəfə Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 2003-cü ildə qeyd olunmasına başlanılıb, bu gün artıq 100-dən çox ölkədə işçi hüquqlarının və təhlükəsiz əmək mühitinin təbliği baxımından ciddi əhəmiyyət kəsb edir", - deyə o, əlavə edib.