26 aprel 2025 13:53
139

Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması  Ulu Öndərin tarixi xidmətidir

Ana dili hər bir xalqın varlığının, milli kimliyinin və mədəni irsinin ən mühüm daşıyıcısıdır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də bir millətin düşüncə tərzini, dünyagörüşünü, tarixi yaddaşını və mənəvi dəyərlərini özündə yaşadan canlı bir varlıqdır. Xalq öz dilini yaşatdıqca, mədəniyyətini, tarixini və dövlətçiliyini də yaşadır. Azərbaycan dili də əsrlər boyu formalaşaraq, zənginləşərək bu günümüzə gəlib çıxmış, xalqımızın mənəvi varlığının ayrılmaz hissəsinə çevrilmişdir.

Müstəqillik yolunda atılan hər bir mühüm addımda ana dilimizin qorunması və inkişaf etdirilməsi əsas yer tutmuşdur. Şübhəsiz ki, bu sahədə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusilə diqqətəlayiqdir. O, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi tanınması, inkişafı və tətbiqi istiqamətində qətiyyətli və tarixi qərarlar vermiş, bu sahədə mühüm islahatlara imza atmışdır. Onun həyata keçirdiyi dil siyasəti sayəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin başlıca rəmzlərindən biridir və dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmişdir.  Ümummilli Lider Heydər Əliyev 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir.

Dahi rəhbərin həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq 1970-ci illərdə ölkəmizdə ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirilmişdir. Məsələn, qeyd edə bilərik ki, 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüşdür. 
Heydər Əliyevin bu təşəbbüsü yalnız həmin dövr üçün deyil, həm də gələcək nəsillər üçün əvəzsiz bir tarixi qərar idi. 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin təsbit olunması onun təşəbbüsü və əzmi nəticəsində mümkün olmuşdur. Bu, sadəcə bir hüquqi norma deyil, milli kimliyimizin və mədəni irsimizin qorunması naminə atılmış böyük bir addım idi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. 
Konstitusiyanın 73-cü maddəsində qeyd edilirdi - Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun һərtərəfli inkişafına dövlət qayğısı göstərir. Ulu öndərin aşağıdakı ifadələri bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. 
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili statusunun qorunması uğrunda mübarizəsində ardıcıl və qətiyyətli olmuşdur. O, bu ideyanı yalnız özü həyata keçirməklə kifayətlənməmiş, həm də ziyalıları və bütün xalqı bu mübarizəyə səfərbər etmişdir. SSRİ Konstitusiyası haqqında danışarkən qeyd etdiyi kimi, ana dilində təhsil hüququ bu sahədə əsas hədəflərdən biri olmuşdur və bu, əslində dilin statusunun hüquqi cəhətdən qorunmasına xidmət etmişdir.
Beləliklə, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir. Bu təşəbbüs və mübarizə nəticəsində Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, milli kimliyimizin təməl daşlarından biri olaraq inkişaf edir və qorunur.
Ulu Öndər Heydər Əliyev ana dilinin elmi əsaslarla inkişafı üçün mühüm addımlar atmış, dilçilik sahəsində çalışan alimlərə xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycanda milli dildə çap olunan əsərlərin tirajlarının artırılması, elmi və bədii ədəbiyyatın Azərbaycan dilində nəşri üçün şərait yaradılması dilin cəmiyyətin bütün sahələrində işləkliyini təmin etmişdir. Bu tədbirlər həm də gənc nəslin ana dilində təhsil almasına və milli ruhda formalaşmasına şərait yaratmışdır.
Müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zamanı dövlət dilinin necə adlandırılması məsələsi müzakirə mövzusuna çevrilmişdi. 1995-ci il noyabrın 5-də keçirilən Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı öz prinsipial mövqeyini bildirdi: “Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir.” 
Bu fikirlər və qətiyyətli mövqe nəticəsində 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması rəsmi şəkildə təsbit olundu. Bu, müstəqil dövlətimizin dili ilə bağlı siyasətinin hüquqi əsaslarını formalaşdıran mühüm tarixi hadisə idi.
Ümummilli Lider Heydər Əliyev yalnız dilin hüquqi statusunun təsbit olunması ilə kifayətlənməmiş, onun real həyatdakı tətbiqi və inkişafı üçün də mühüm qərarlar qəbul etmişdir. 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, dövlət dili siyasətinin yeni mərhələyə keçməsini təmin etdi. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dilin tətbiqi sahəsində bir sıra mexanizmlər müəyyənləşdirildi.
2001-ci il 9 avqust tarixində imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu, həm dilimizin, həm də müasir Azərbaycan əlifbasının qorunması və təbliği baxımından mühüm bir təşəbbüs olmuşdur. 

Ulu Öndərin ana dilinə göstərdiyi xüsusi qayğının davamı kimi 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olundu. Bu Qanun dövlət dilinin hüquqi statusunu tənzimləməklə yanaşı, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün dövlətin üzərinə konkret vəzifələr qoydu. Qanun eyni zamanda xaricdə yaşayan azərbaycanlıların da ana dili ilə bağlı hüquqlarını tanıyır və onların milli-mədəni kimliyinin qorunmasına zəmin yaradır.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin ana dili siyasəti təkcə tarixi şəraitin tələbinə cavab verməklə qalmamış, eyni zamanda gələcək nəsillərin də milli kimliyini yaşadan və qoruyan bir irs olaraq bu günümüzə qədər gəlib çatmışdır. Onun həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin dövlət dili kimi işləkliyinin təmin olunmasında və beynəlxalq səviyyədə tanınmasında əvəzsiz rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyimizin əsas dayağı hesab edirdi. O, dəfələrlə vurğulayırdı ki, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir” və bu dilin qorunması hər bir azərbaycanlının borcudur. Heydər Əliyev Azərbaycan dilinin zənginliyi, bədii ifadə imkanları və dünya dilləri arasında layiqli yer tutması ilə fəxr edirdi. O, xüsusilə gəncləri ana dilini dərindən öyrənməyə çağırır, digər dilləri bilsələr belə, Azərbaycan dilinə üstünlük vermələrini vacib sayırdı. Ulu Öndərin bu sahədə söylədiyi fikirlər bu gün də dil siyasətimizin əsas ideoloji və mənəvi dayağını təşkil edir.

Milli dövlətçilik ideyasını yaşadan və onu daim uca tutan Heydər Əliyevin həyata keçirdiyi siyasətə xalqımızın cavabı isə ona bəslədiyi dərin sevgi və sarsılmaz inam olmuşdur. Həmrəyliyin möhkəmləndirilməsi, milli ruhun yüksəldilməsi, ana dilimizə göstərilən xüsusi diqqət və qayğı, milli özünüdərk hissinin inkişafı, eləcə də xalqın tarixi yaddaşının bərpa olunması istiqamətində Ulu Öndərin gördüyü misilsiz işlər millətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. Məhz buna görə də Azərbaycan xalqı öz görkəmli liderinə haqlı olaraq “Ümummilli Lider” adını vermişdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini