Ekvadorda dünən baş verən 6,3 bal gücündə zəlzələdə 20 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, Risklərin İdarə Edilməsi üzrə Milli Katibliyin (SNGR) yaydığı məlumata görə, zəlzələ Esmeraldas əyalətinin Eloy Alfaro, Atacames, Muisne, Quininde, Rio Verde və San Lorenzo şəhərlərində güclü hiss olunub.
Səlahiyyətlilər 20 nəfərin müxtəlif şəkildə yaralandığını və 60 binada çatların əmələ gəldiyini açıqlayıb.
Esmeraldas əyalətində zəlzələdən sonra zədələnmiş elektrik xətlərinin təmirinə başlanıldığı, bölgənin 80 faizinə elektrik enerjisinin verildiyi bildirilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəzi evlərin qismən uçması diqqət çəkib.
Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS), episentri Esmeraldas əyalətinin 20 kilometr şimal-qərbində olan 6,3 bal gücündə zəlzələnin 35 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”