25 aprel 2025 12:35
290

Azərbaycanda yeni ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir

Azərbaycan dövləti sahibkarlıqla əlaqədar yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Şöbə müdiri nəzərə çatdırıb ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdindəki Arbitraj Mərkəzinin mübahisələri həll etməsi ilə bağlı sənədlər hazırdır və Ədliyyə Nazirliyinə təqdim ediləcək.

“Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələrin sayı ilə yanaşı, inzibati məhkəmələrin iş yükü də artıb. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 faizini vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Ola bilər ki, bu yükün azaldılması üçün yeni, ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Bununla bağlı sahibkarların fikri çox vacibdir”, - deyə G.Kərimov nəzərə çatdırıb.

PA rəsmisi bildirib ki, məsələ ilə əlaqədar sahibkarların və biznes qurumlarının təklifləri nəzərdən keçirilə bilər.