Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1.4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.
“İki sahil” xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O qeyd edib ki, bundan əlavə, 212 mindən artıq hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir: "Bu da əvvəlki illə müqayisədə 7,1% artım deməkdir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf etməkdədir".
"Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarıdır. Hazırda Konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu Şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir", - deyə M.Musayev əlavə edib.