15 aprel 2025 09:27
416

Yunanıstanın 32 milyon avroluq raket həmləsi: Hədəf Türkiyədir?

Yunanıstan Fransa ilə 32 milyon avro dəyərində yeni müdafiə müqaviləsi imzalayıb.

İki sahil” “CNN Türk”ə istinadla xəbər verir ki, müqavilə çərçivəsində Yunanıstanın Fransadan 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raket alacağı açıqlanıb.

Razılaşma Fransanın müdafiə naziri Sebastyan Lekornunun Afinaya səfəri zamanı rəsmiləşdirilib.

Yunanıstan mətbuatı bu addımın təkcə silah tədarükü prosesi deyil, həm də Fransanı Türkiyəyə “Meteor” raketləri satmaqdan çəkindirmək cəhdi olduğunu iddia edib. Xüsusilə Fransanın Türkiyəyə müdafiə məhsulları satmasına qarşı çıxan Yunanıstanın bu alışlardan bir növ “strateji təzyiq vasitəsi” kimi istifadə etdiyi bildirilir.

Görüş zamanı Yunanıstanın müdafiə naziri Nikos Dendias fransalı həmkarına Türkiyəyə “Meteor” raketlərini satmamağa açıq çağırış edib. Dendias Türkiyənin Avropa müdafiəsindən kənarda qalmalı olduğunu bildirərək deyib: “Yunanıstan Fransadan təkcə öz təhlükəsizliyini qorumaq üçün deyil, həm də revizionist güclərə qarşı çəkindirici vasitə kimi texnoloji üstünlüyünü qorumaq üçün qərarlar verməsini gözləyir."

Fransanın müdafiə naziri Lekornu görüşdən sonra verdiyi açıqlamalarda Yunanıstan-Fransa müdafiə əlaqələrinə geniş yer verib, lakin Türkiyəyə silah satışı və ya Türkiyənin Avropa müdafiəsindəki rolu kimi mövzulara birbaşa toxunmayıb. Bu vəziyyət Fransanın bu məsələlərdə daha ehtiyatlı diplomatik mövqe nümayiş etdirməsi kimi şərh edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”