Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub, eyni zamanda mənşəyi məlum olmayan 6 min 159 kiloqram dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kiloqram toyuq filesi, 360 kiloqram toyuğun bud hissələri aşkarlanıb.
Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.