13 yanvar 2025 11:32
158

Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi

Yanvarın 13-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında təşkilatın “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti seminarı keçirilib.

“İki sahil” xəbər verir ki, ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. Seyfəddin Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.  

Seyfəddin Əliyev gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer  tutduğunu qeyd edərək, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar. “Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə  imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Gənc YAP üzvü Elçin Ağayev məruzə ilə çıxış edərək Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulamışdır.

Seminarda iştirak edən gənc fəallardan Ülkər Əliyeva, Humay Əliyeva və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.

Sonda partiya sıralarına yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.