28 sentyabr 2017 18:48
750

"Sən də oxu!"

“Yerli” Proqramı çərçivəsində "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək.

"Sən də oxu!" şüarı ilə keçirilən aksiyada məqsəd oxuduğumuz kitabları başqa kitabsevərlərlə paylaşmaq, elmə, təhsilə, mütaliəyə marağı daha da artırmaqdır.

28-30 sentyabr tarixlərində keçiriləcək sərgi boyunca ziyarətçilərin bağışladığı kitablar toplanacaq. Sərgi başa çatdıqdan sonra toplanmış kitabların bir hissəsi Cocuq Mərcanlı kəndinin yenidən qurulacaq kitabxanasına, digər hissəsi isə paytaxt və regionlarımızın kəndlərində yaşayan, kitabları, mütaliəni sevən aztəminatlı uşaqlara və gənclərə hədiyyə ediləcək.

Əgər siz də oxuduğunuz kitabları gənclərlə paylaşmaq istəyirsinizsə, o zaman “Sən də oxu!” adlı aksiyaya qoşulun və dəstək olun. Bunun üçün aksiya zamanı 80 nömrəli stendə yaxınlaşaraq oxuduğunuz kitabı hədiyyə edə bilərsiz. Aksiya ilə bağlı ətraflı məlumat buradan (http://www.nayora.az/announcements2,188/lang,az/ ) əldə edə bilərsiz.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində baş tutacaq. “Yerli” Proqramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmasından sonra, eyni zamanda “Azərbaycan: 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında qeyd olunan “Gənclər, xüsusən ucqar və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcəkdir” müddəasını nəzərə alaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqram çərçivəsində ancaq 2015-2016-cı il ərzində ölkə ərazisində 66 kənddə 1500 gənc əhatə olunub. Gənclərin maarifləndirilməsi ilə yanaşı, proqram çərçivəsində eyni zamanda gənclər təşkilatlarının kənd gəncləri ilə iş sahəsində potensialının artırılması istiqamətində alətlər təqdim olunub.