10 yanvar 2025 22:13
99

Natamam sülh bizə lazım deyil…

Ona görə də Ermənistanın sülhlə bağlı qeyri-səmimi təklifləri və təşəbbüsləri qəbul olunmayacaqdır

Pərdənin arxasında Azərbaycana qarşı növbəti revanşist müharibəyə hazırlıq məqsədləri gizlənir

Postmüharibə dönəmində Azərbaycan beynəlxalq hüququn normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən prinsiplərə əsaslanmaqla Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib. Azərbaycandan fərqli olaraq, Ermənistanın əsl  fəaliyyəti onun sülhdən yayındığını  açıq-aydın isbatlayır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına geniş müsahibəsi zamanı Ermənistanla bir çox məqamlara toxunduğu kimi, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də münasibət bildirdi. Ölkəmizin lideri məsələ barəsində söz açarkən, iki mühüm məqamın üzərində dayandı ki, əslində, bu mövqeyi əvvəllər də səsləndirmişdi. Prezidentin hazırda həmin məsələləri yenidən gündəmə gətirməsi isə Azərbaycan dövlətinin məsələyə prinsipial və qətiyyətli yanaşmasından geri çəkilməyəcəyinin növbəti sübutudur.

Dövlət başçısı sözügedən müsahibədə diqqətə çatdırıb ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil: “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri”.

Yanvarın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan sosial media hesabında paylaşım edərək ATƏT-in Minsk qrupunun  buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə olunmasına dair 12 təklif açıqlayıb. N.Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı tövsiyə etməklə mövqeyini sülhə yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır. Digər tərəfdən, Paşinyan qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, öz “yastığın altında” surətlə silahlanır, Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edir.

Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə sülh müqaviləsini hər vəchlə pozmağa və uzatmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana ünvanladığı təkliflərə cavabında deyib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir.

 Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

A.Hacızadə bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".

Ermənistan nə qədər çalışsa da, beynəlxalq təsisatlar kimin səmimi sülh tərəfdarı, kiminsə sülh prosesini ləngidən tərəf olduğunu çox gözəl anlayır

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri,  politoloq Xəyal Bəşirov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan başda olmaqla Ermənistan tərəfi 2020-ci il 10 noyabr  tarixli Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin onlara təqdim etdiyi sülh təşəbbüsü ilə bağlı məsələni daim uzatmaq məqsədi güdüblər: “Yəni, sülh sazişi ilə bağlı 17 bəndlik  həmin o sənəd dəfələrlə Ermənistan tərəfindən uzun müddətə əsassız və lüzumsuz olaraq gecikdirilib. Artıq 5-ci ildir ki, hələ də Ermənistanla sülh sazişi imzalaya bilməmişik. Amma Ermənistan  beynəlxalq ictimaiyyətə bunun tam əksini göstərməyə çalışır, yəni,  sanki onlar sülh təşəbbüsünü irəli sürürlər. Ermənistan beynəlxalq ictimaiyyət üçün bu görüntünü yaratmağa çalışır ki, guya ki, onlar sülh tərəfdarı olaraq əllərindən gələni edirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın, amma Azərbaycan buna imkan vermir. Əslində, Ermənistan nə qədər çalışsa da, beynəlxalq ictimaiyyətdə bu prosesdə bu və ya digər formada iştirak edən dövlətlər və beynəlxalq təsisatlar kimin səmimi sülh tərəfdarı , kimin də sülh prosesini ləngidən tərəf olduğunu çox gözəl anlayır”.

Ermənistanın Konstitusiyasındakı həmin məqam dəyişdirilməyənə qədər sülh sazişi imzalanmayacaq

Politoloq Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi son  açıqlaması ilə bağlı məqamı şərh edərkən diqqətə çatdırdı ki, bu, Ermənistan tərəfinin özünü “sülh göyərçini”  obrazında təqdim etmək üçün sərgilədiyi növbəti təşəbbüsdür: “Bu niyyət  ikiüzlülük və qeyri-səmimilikdir. Ermənistan baş naziri Azərbaycanın ədalətli şəkildə ortaya qoyduğu iki təklifi qəbul etmək istəmir. Bu təkliflər tam açıq və aydın Ermənistanın özünün əlində olan məsələlərlə bağlıdır. Birincisi, sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan Konstitusiyasında, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb. Məlum məsələdir ki, Ermənistanın Konstitusiyasındakı həmin məqam dəyişdirilməyənə qədər sülh sazişi imzalanmayacaq. Hadisələrin gedişatı göstərir ki, bu məqamı Ermənistan öz Konstitusiyasından,  digər qanunverici aktlarından çıxarmaq istəmir. Bunun üçün ilkin olaraq, Ermənistanın cəmiyyətinin mövqeyi bilinməlidir. Bu, ümumxalq səsverməsi yolu ilə həyata keçiriləcək və bu yolla biz həm Ermənistan Konstitusiyasındakı məqama dəyişiklik edilməsinə və Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik təmizlənməsinə nail ola bilərik”.

Natamam sülh bizə lazım deyil…

Siyasi şərhçi vurğuladı ki, sülh üçün digər mühüm şərt ATƏT-in Minsk qrupu adlı faktiki olaraq mövcud olmayan iflasa uğramış və 30 ilə yaxın müddət ərzində heç bir nəticə ortaya qoymayan institutun de-yure buraxılması ilə bağlı Azərbaycanla birlikdə müraciət edilməsi ilə bağlıdır. Yəni, bu addımların hər ikisinin atılması sırf texniki  prosedurdur. Ermənistan tərəfi bunu etməkdən  hər vəchlə boyun qaçırmağa çalışır. Müxtəlif əlavə təkliflər verirlər, müddəaların razılaşdırılması ilə bağlı fikirlər səsləndirirlər. Hətta  tərəflər arasında  sülh müqaviləsinə dair şərtlərin 99 faizi razılaşdırılıb, 1 faizi belə qalsa bu sənəd natamam sənəd  hesab olunur. Natamam sülh isə bizə lazım deyil.

Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib

Xəyal Bəşirovun sözlərinə görə, Azərbaycana dayanıqlı, uzunömürlü, səmimi sülh lazımdır ki, bu da Ermənistanın atdığı addımlardan açıq şəkildə bəlli olacaq. Amma biz nəyi görürük. Biz görürük ki, Ermənistan baş naziri Azərbaycanın Ermənistana ərazi iddialarının olduğunu irəli sürür. Əslində, bütün dünyada bilir ki, Ermənistanın faktiki indiki ərazisi bir zamanlar tarixi Azərbaycan əraziləri olub. Bu ərazilər Azərbaycanın tarixi əraziləri olsa belə Azərbaycan açıq şəkildə həm  dövlət başçısı, həm də digər rəsmilər səviyyəsində Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, Azərbaycan  Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qəbul edir. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Ermənistan tərəfi bunu beynəlxalq hüquqa uyğun atılan addım kimi qələmə verdilər, əslində Ermənistan özü də çox gözəl anlayırdı ki, həmin o kəndlər , onlar Azərbaycanın kəndləridir.

Ermənistanın sülhlə bağlı qeyri-səmimi təklifləri və təşəbbüsləri qəbul olunmayacaq

Mövzu ilə bağlı şərhində politoloq onu da qeyd etdi ki, özünü sülh qovşağı adlandıran bir dövlət həqiqətən sülh qovşağı olmaq istəyirsə, yaranan bütün tarixi şansları düzgün dəyərləndirməlidir: “Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Rəsmi İrəvan həqiqətən də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Amma Ermənistan bunun əksini edir. Ermənistan bu gün özü haqqında “sülh göyərçini” obrazı yaratmaqla, özünün ərazisinin sülh qovşağı adlandırmaqla paralel şəkildə sürətli olaraq silahlanır. Azərbaycana qarşı yaxın və orta mənzilli, hətta uzaq hədəfləri Ermənistan ərazisindən dəfələrlə uzaqlıqda yerləşən hədəfləri vurmaq iqtidarında olan silahlar alır. Əslində, bu silahlar müdafiə məqsədli ilə alınan silahlar deyil, revanşist müharibəyə hazırlaşan tərəfin əldə etmək istədiyi silahlardır ki, Ermənistan bu silahların bir çoxunu hədiyyə şəklində, bəzilərini kreditlə alır. O kreditlər ki, sonradan günlərin birində heç bir əsas gətirilmədən silinir. Bu da  göstərir ki, sadəcə silahların verilməsi zamanı görüntü yaradılır ki, Ermənistan qanuni şəkildə beynəlxalq hüquqa uyğun olaraq silah alır, amma sonradan o borclar silinir. Pərdənin arxasında Azərbaycana qarşı növbəti revanşist müharibəyə hazırlıq məqsədləri gizlənir.  Sülhdən yayınma məqsədinə xidmət edən bu cür addımlar  həyata keçirən bir dövlət sülh qovşağı ola bilməz. Belə dövlət olsa, olsa Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  ermənipərəst Cozef Borelin təşəbbüsü ilə  yaradılmış və sülhlə heç bir əlaqəsi olmayan,  müharibə aparan dövlətlərə silah paylayan Avropadakı Sülh Fondunun pul ayırdığı dövlətlərdən biri ola bilər. Təbii ki, bu təfəkkürlə yaşayan və Azərbaycanla sülh imzalamaq istəyən tərəfin qeyri-səmimi təklifləri  və  təşəbbüsləri qəbul olunmayacaqdır”. 

Yaqut Ağaşahqızı, “İki sahil”