07 yanvar 2025 13:26
133

Nic qəsəbəsində Milad bayramı qeyd olunub

Dünya pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində bayram mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Alban-udi icmasının rəhbəri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri çıxış edərək, Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıblar.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə bütün dini konfensiyalara, o cümlədən də Nic qəsəbəsində yaşayan alban-udilərə daim diqqət və qayğı ilə yanaşır, onların din, dil və mədəniyyətlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hər cür dəstəklərini əsirgəmirlər.

Diqqətə çatdırılıb ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Tədbirdə çıxış edən udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını vurğulayıblar. Xatırladaq ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. Heydər Əliyev Fondu tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) alban məbədində və Cotari kilsəsində aparılan təmir-bərpa işləri ölkədə tolerantlıq mühitinə gözəl nümunədir.