01 yanvar 2025 16:16
165

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbərliyi Qazaxıstanın Ankaradakı səfirliyində olub, “Azərbaycan Hava Yolları”nın (AZAL) qəzaya uğrayan təyyarəsinin göyərtəsində digərləri ilə yanaşı Qazaxıstan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

“İki sahil” xəbər verir ki, TADİV-in rəhbəri, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar və TADIV-in Himayəçilik Şurasının üzvü, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Qazaxıstanın Türkiyədəki səfiri Erkebulan Sapiyevə başsağlığı veriblər.

TADİV nümayəndələri 38 nəfərin, o cümlədən 6 qazaxıstanlının həyatına son qoyan qəza fonunda Azərbaycanla həmrəylik nümayiş etdirən Qazaxıstanın dövlət qurumlarının və sadə vətəndaşlarının mövqeyini yüksək qiymətləndiriblər.

“Azərbaycan xalqı riskə baxmayaraq, təyyarə qəzasından sonra ilk dəqiqələrdən AZAL təyyarəsinin sərnişinlərinə və ekipajına kömək etməyə tələsən qardaş Qazaxıstan sakinlərinin hərəkətlərini unutmayacaq. Qazaxıstan vətəndaşları zərərçəkənlərə qan vermək üçün xəstəxanalarda uzun növbələr yaradıblar. Biz qardaş xalqın fədakarlığını unutmayacağıq”, - deyə A. Attar bildirib.

TADİV rəhbəri qəzanın qərəzsiz araşdırılması məsələsində açıq-aydın və vahid mövqe nümayiş etdirən Qazaxıstan və Azərbaycan prezidentlərinin mövqeyinə xüsusi diqqət çəkib.

Görüşdə TADIV koordinatoru Əli Əkbər Tufan da iştirak edib.