27 dekabr 2024 19:20
141

Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanılıb

Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşının saxlanıldığını bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər.

Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətənə qayıtmağa icazə vermişdi.

Daha əvvəl ərəb mediası Dəməşqdə hakimiyyətin keçid hökumətinin əlinə keçməsindən sonra Rifat Əsədin ailəsi ilə birlikdə Livana köçdüyü barədə məlumat yaymışdı.

Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərdə iştirak ittihamı ilə məhkəmə iddiası qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar istintaq dayandırılıb.