26 dekabr 2024 01:38
137

“Embraer” şirkəti təyyarə qəzası ilə bağlı kömək etməyə hazır olduğunu açıqlayıb

Təyyarə istehsal edən “Embraer” şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.

“İki sahil” bu barədə şirkətin bəyanatına istinadən xəbər verir.

“Bu hadisədən zərərçəkmişlərin ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.