18 dekabr 2024 00:57
318

Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq!

Soydaşlarımız İrəvanın Təpəbaşı məhəlləsinə, Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Göyçə, Karbi, Qaraqoyunlu, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahallarına qayıdacaqlarına əmindirlər

İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən, torpaqlarımızın 30 illik işğaldan azad edilməsindən sonra mərhələlər üzrə görüləcək perspektivlər müəyyənləşdirildi, qüvvələr səfərbərliyə alındı. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri sürətləndirildi. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramına uyğun olaraq doğma yurdlarına qayıdırlar. Yeni, müasir üslübda salınan «ağıllı şəhər», «ağıllı kənd» layihələrinin coğrafiyası genişlənir. Enerji və nəqliyyat infrastrukturu yenilənir. Füzulidə, Zəngilanda Beynəlxalq aeroportların istifadəyə verilməsi ilə ölkəmizin hava nəqliyyatı imkanları genişlənir. Suveren, azad Azərbaycanın hər yerində Azərbaycan Bayrağı dalğalanır. Keçirilən tədbirlərin əhəmiyyətinə görə Şuşa siyasi, iqtisadi, mədəni platforma kimi dünyada tanınır. Xankəndidə istifadəyə verilən Qarabağ Universiteti düşmənə göz dağıdır. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülən işlərin miqyası ölkəmizə gələn qonaqları həqiqi mənada heyrətləndirir.

Görüləsi işlər sırasında tarixi əhəmiyyəti baxımından daha aktual məsələ -iki əsrdə doğma torpaqları Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın yurd yerlərinə qayıtması kimi siyasi, mənəvi baxımdan vacib vəzifə həllini gözləyir. «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar» söyləyən Prezident İlham Əliyev bu sahədə təkmil, tarixi reallıqlara əsaslanan proqram əsasında işlərin görülməsi üçün perspektivləri dəqiqləşdirir: İlk növbədə tarixi həqiqətlərlə bağlı mənbələr yenilənməli, ermənilər tərəfindən dəyişdirilmiş tarixi yurd yerlərimizin adları bərpa olunmalı, toponimlərin mənşəyi barədə məlumatlar xarici dillərə tərcümə edilməli, Qərbi Azərbaycanın xalqımıza məxsusluğu ilə bağlı təbliğat işləri genişlənməlidir.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə «Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi» mövzusunda keçirilən II beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyalarda müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıldı. 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdikləri konfransda bildirildi ki, Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsi davamlı sülhün və ədalətin bərpası baxımından zəruridir. Ötən ilin dekabrın 5-də, Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım gününə təsadüf edən «Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll» adlı ilk konfransın davamı olan ikinci tədbirdə Prezident İlham Əliyevin ümumazərbaycançılıq konsepsiyasından qaynaqlanan daha mühüm problemlər müzakirə olundu, qarşıya qoyulan prioritetlər dəqiqləşdirildi.

Tarixi mənbələrdə də təsdiqlənib ki, Qərbi Azərbaycan xalqımıza məxsus qədm yurd yerlərimizdir. Azərbaycan mənşəli şəhərlərin, kəndlərin adları da bu həqiqəti təsdiqləyir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının başlıca vəzifəsi bu həqiqətin, erməni daşnaklarının soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərin, soyqırımların, kütləvi qətllərin, mərhələlər üzrə həyata keçirilən deportasiyaların dünya ictimaiyyətinə çatdırılmasıdır. Konsepsiyada qarşıya qoyulan vəzifələrin hüquqi və mənəvi köklərinin əsaslandırılmasıdır.

Bu gün qarşıya qoyulan ən ümdə vəzifə ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında»kı Fərmandan irəli gələn vəzifələri müasir dövrün tələblərinə uyğun daha geniş miqyasda həyata keçirmək, əsrlərdən bəri Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı göstərilən vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Həmin sənəddə xalqımızın yaşadığı əzab-əziyyətlər, Ermənistanın etnik təmizləmə siyasətinin dəhşətləri bu sözlərlə ümumiləşdirilmişdi: «Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Ümumiyyətlə, daşnakların genlərindən irəli gələn qəddarlıqlarını, vəhşiliklərini sübut edən mənbələr çoxdur. Bu gün Ermənistana havarlıq edən Fransanın tanınmış tarixçilərinin bu toplum haqqında dediklərini xatırlatmaqla daşnak psixologiyasının vəhşilik, qaniçənlik əsasında formalaşdığını aydın görmək olar. Bunu elə ermənilərin özləri də etiraf edirlər. Qatı daşnak ideoloqu Zori Balayanın Xocalı soyqırımında 13 yaşlı azərbaycanlı uşağı necə vəhşiliklə öldürməsi ilə bağlı etirafı ermənilərə xas milli xüsusiyyətin, insanlığa nifrətin nümunəsidir. Erməni tarixçisi Lalayan ötən yüzilliyin əvvəllərində daşnakların qana hərisliyini belə izah edirdi: «Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirdilər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib.» Daşnak Vahram öz «qoçaqlığını» «Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar tökəsən. Belə də etdim: bütün kişiləri, qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm.» Qayıdış Konsepsiyasında qarşıya qoyulan tariximizin bu cür qanlı, faciəli səhifələrini öyrənmək, gələcək nəslə çatdırmaq hər bir azərbaycanlının borcudur.

Təkcə çar Rusiyası zamanında deyil, SSRİ dövründə də daşnak ideologiyasına dəstək hər zaman hiss olunub və ermənilərin xalqımıza qarşı etnik təmizləmə siyasəti düşünülmüş şəkildə davam etdirilib.

Ermənilərə havadarlıq edən, daşnakları Azərbaycanın tarixi ərazilərində yerləşdirməklə soydaşlarımızın ata-baba yurdlarından qovulmasını şərtləndirən imperiyanın siyasətini davam etdirən SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr, 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı törədilən cinayət aktları idi. İnsanlığa, ümumiyyətlə, türkçülüyə qarşı nifrəti əsrlərdən bəri genlərində yaşadan daşnakların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə siyasi qiymətin verilməməsi erməni ideoloqlarının əl-qolunu açdı. Bədnam Mixail Qorbaçovun əli ilə Ulu Öndər Heydər Əliyevi Kremldən uzaqlaşdırmaqla «böyük Ermənistan» sərsəmləmələrini həyata keçirməyə başlayan ermənilər 1988-ci ildən başladıqları etnik təmizləmə siyasətini ağlagəlməz dəhşətlər törətməklə təkrarladılar. Proses soydaşlarımızın bir nəfər kimi qədim yurd yerləri olan Qərbi Azərbaycandan qovulması ilə nəticələndi. Əvvəlki dövrlərdə olduğu kimi, ötən əsrin sonlarında başlanan daşnak vəhşiliklərinin, soydaşlarımıza qarşı tarixdə görünməyən qaniçənliyin SSRİ-nin ilk və sonuncu prezidenti, erməni hamisi Mixail Qorbaçov tərəfindən dəstəklənməsi, Qukarq kimi qanlı hadisələrin araşdırılmaması, hüquqi-siyasi qiymət verilməməsi Xocalı soyqırımı, Başlıbel, Ağdaban, Qaradağlı və Ballıqaya qırğınları ilə nəticələndi. Bütün Dünya azərbaycanlıları haqlı olaraq tələb edirlər ki, xalqımıza qarşı törədilən cinayətin iştirakçıları ilə bərabər, kütləvi insan qırğınları ilə nəticələnən erməni vəhşiliklərinə göz yumanlar da məsuliyyət daşımalıdırlar. Qərbi Azərbaycanda soydaşlarımıza, torpaqlarımız işğal altında qaldığı 30 ildə Qarabağda və ətraf rayonlarda yerli əhaliyə qarşı törədilən qırğınların, Xocalı soyqırımının əsl səbəblərini hələ də ermənilər üçün göz yaşı tökənlərə əzəbərlətmək lazımdır. Qarabağdan könüllü köç edən, hətta əşyalarını da özləri ilə aparmaq imkanları yaradılan ermənilərin taleyinə «acıyanlar» bilməlidirlər ki, hələ də kütləvi məzarlıqlarda sümükləri tapılan azərbaycanlılar erməni qaniçənləri tərəfindən insan ağlına gəlməyən vəhşiliklə qətlə yetirilmişlər. Xocalıda bir gecədə öldürülən 613 azərbaycanlı-qoca, qadın, uşaq erməni cəlladlarının soydaşlarımıza olan nifrətlərinin yalnız bir epizodudur. Həmin gün günahsız azərbaycanlılar erməni silahlıları tərəfindən diri-diri yandırılmış, quyalara tökülmüş, cəsədlərdən körpü kimi istifadə olunmuşdur.

Bu yaxınlarda Bakıya səfəri zamanı insanlıq və beyənlxalq hüquq normalarından kənar əsassız açıqlamaları ilə Azərbaycanı ittiham edən, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızla görüşməkdən imtina edən Almaniyanın xarici işlər naziri Annalena Berbok, erməni lobbisinin maliyyələşdirdiyi, pulla satın alınmış daşnak ruhlu amerikalı konqresmenlər, Fransa Prezidenti Emmanuel Makronun diktəsi ilə ölkəmizə qarşı qətnamələr qəbul edən bu ölkənin Milli Assambleyasının siyasətdən kənar deputatları bu qırğınları törədən günahsız insanların qatillərini- erməniləri yaxından tanıyıb, haqqı-ədaləti unutmamalıdırlar. Buna nail olmaq üçün Qərbi Azərbaycan barədə akademik informasiya bazasının yaradılması, tarixi mənbələrimizin elmi-tədqiqata cəlb edilməsi, beynəlxalq ictimaiyyətə çatdırılması, aktual mövzu kimi kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması hər bir vətəndaşımızın borcudur.

Ermənistanın silahlı qüvvələri tərəfindən doğma yurdlarından çıxarılmış məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Prezidenti İlham Əliyevin dövlət siyasətində daim aktual olub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra

Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qayıdış Konsepsiyasının tezislərini açıqlayan dövlət başçımız hədəflərə beynəlxalq hüquq normaları çərçivəsində çatmağın yollarını göstərdi. «Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi, bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq» sözləri ilə bütün dünya azərbaycanlılarına çağırış etdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı dünya azərbaycanlılarını biriyə, həmrəyliyə səslədi. Bolşevik Rusiyasının iradəsi ilə sovet Ermənistanı elan olunana qədər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tarixi yurd yerlərinə- İrəvanın Təpəbaşı məhəlləsinə, Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Göyçə, Karbi, Qaraqoyunlu, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahallarına qayıdacaqlarını əminliklə bildirdi. «Yeni erməni tarixini» formalaşdırmaq istəyənlərə haqqın, ədalətin, həqiqətlərin dili ilə «Durun!» dedi. Nəsildən-nəslə ötürülən, minilliklər boyu xalqın keçdiyi yollarda iz buraxan babalarımızın miraslarının, yaddaşlarının qorunacağını bildirdi.

Bu günlərdə Bakıda keçirilən «Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi»” mövzusundakı ikinci beynəlxalq konfransda iştirak və çıxış edən xarici mütəxəssislər də təsdiqlədilər ki, insanların əsrlərdən bəri məskunlaşdıqları, nəsilliklə yaşadıqları ərazidən zorla qovulması qəbuledilməzdir. Milliyətindən, yaşadığı ölkədən asılı olmayaraq insanların doğma torpaqlarına qayıdış haqqı beynəlxalq hüquqla təsbit edilib. Məhz ona görə də biz bu haqqı bərqərar etmək üçün müvafiq hüquqi zəmin yaratmalıyıq. Bu haqqın bərpası üçün mənbə kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta, Pinheiro Prinsiplərinə istinad olunmalıdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsaslandığı bu təşəbbüslərin həyata keçirilməsi Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.

Xuraman İsmayılqızı, «İki sahil»