17 dekabr 2024 02:58
290

Qərbi Azərbaycana qayıdış: Addım-addım hədəfə doğru

Tarixi mənbələr bir daha təsdiqləyir ki, indiki Ermənistan qədim Azərbaycan ərazisidir. Bu ərazilərin yer adları və insan məskənləri açıq şəkildə göstərilmişdir. Hətta yer adları Zəngibasar, Vedibasar, İrəvan mahalı, Göyçə mahalı adları ilə təsdiqlənərək xəritələrə köçürülmüşdür. Adlarını qeyd etdiyimiz bölgələr Qərbi Azərbaycanın ən böyük əraziləri hesab olunurdu. Lakin son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız milli faciəyə, deportasiyalara məruz qalmışlar. 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından 150 mindən artıq soydaşımız deportasiya edildi. Türksüz Ermənistan ideyasını gerçəkləşdirməyə başladılar. 1987-1991-ci illərdə Qərbi Azərbaycan, indiki Ermənistan ərazisindən 250 minə yaxın soydaşımız öz ata-baba yurdlarını zorla tərk etməyə məcbur oldu. Ulu Öndər Heydər Əliyev bu tarixi ədalətsizliyə siyasi qiymət verdi. Belə ki, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistan ərazilərindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında", 1998-ci il mart ayının 26-da "Azərbaycanlıların soyqırımı" və 2001-ci il avqust ayının 22-də "Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı Qərbi Azərbaycanın tarixi coğrafiyası, etnik tərkibi, siyasi və elmi baxımdan araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır. Ölkəmiz tərəfindən atılan addımlar nəticəsində Qərbi azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdışı artıq beynəlxalq məsələyə çevrilib. Beynəlxalq təşkilatlarda da Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı fikirlər səsləndirilir. Dünyaya da bəllidir ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Azərbaycan bəyan edir ki, onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar. Ötən dövr ərzində Qərbi Azərbaycana qayıdış istiqamətində çox mühüm işlər görülüb, Qərbi Azərbaycan İcması yaradılıb. Həmçinin dünya ictimaiyyəti Qərbi azərbaycanlıların üzləşdiyi haqsızlıqlar barədə məlumatlandırılır.

Bütün bunlar Ermənistanda ciddi əndişə yaratmaqdadır. Bu günlərdə Ermənistanın “Ayakve” təşkilatının rəhbəri Armen Manvelyan qeyd edib ki, Azərbaycan və Türkiyənin Qərbi Azərbaycan məsələsi ilə bağlı yanaşması tezliklə öz nəticəsini verəcək: “Ermənistan Azərbaycanla danışıqlar prosesində istədiyi irəliləyişi əldə edə bilmir. Bu səbəbdən İrəvan Türkiyə məsələsini qabardaraq pozitiv inkişaf olduğunu göstərməyə çalışır”. Onun sözlərinə görə, Türkiyə, Ermənistan Azərbaycanla razılaşma əldə etmədən bizimlə heç bir müqavilə imzalamayacaq: “Türkiyə Qars-Gümrü yolunu aça bilər, amma ilk olaraq İrəvan kapitulyasiyaya imza atmalıdır. Bundan sonra Ermənistanın tam nəzarətə götürülməsi üçün iqtisadi müdaxilə olacaq. Hökumətin sülh müqaviləsi adlandırdığı şey Azərbaycana üstünlüklər verir. Bakı isə təkcə siyasi yox, iqtisadi, demoqrafik tələblər də irəli sürür. Bu onların Ermənistana leqal şəkildə gəlmələrinə və şərtlərini diktə etmələrinə imkan yaradacaq. Müqavilə imzalanarsa, biz azərbaycanlılar üçün Ermənistanda yol və evlər tikməli olacağıq”.

Bu arada qeyd edək ki, Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi Türkiyədə açılıb. Belə ki, bir neçə gün öncə İzmir şəhərində Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub. İcmanın Türkiyə təmsilçisi Asif Qurban bunun icmanın Azərbaycandan kənarda açılan ilk ofisi olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, bu insanların tarixi vətənlərinə ləyaqətli qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını deyib. Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır.

Daha bir mühüm məsələ ondan ibarətdir ki, Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib. İspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda Azərbaycanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı təmsil edib. Deputat sessiya iştirakçılarına 1987-1991-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min azərbaycanlıya, eləcə də, qaçqın Azərbaycan qadınlarına beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibət göstərildiyini qeyd edib. O,  Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq, qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib.  Bütün bunlar Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə yer almağa başladığını göstərir. Bu da Ermənistanın təşvişini artırır.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı sülh yolu ilə, beynəlxalq hüququn təmin etdiyi qaydalar çərçivəsində baş tutması Azərbaycan üçün prioritetdir. Bu, bölgədə uzunmüddətli sabitlik və sülh üçün zəruri addımlardan biri kimi qiymətləndirilməlidir. Azərbaycanın bu mövqeyi həm tarixi ədalətin bərpasına, həm də regionda davamlı sülhə töhfə verməyə yönəlib. Bu kontekstdə, beynəlxalq ictimaiyyətin də Ermənistanın etnik təmizləmə və separatçı siyasətlərinə göz yummaması, əksinə, hüquq və ədaləti müdafiə etməsi vacibdir. Bu arada xatırladaq ki, Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransa müraciətində Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Hazırki məqamda Ermənistan icma ilə danışıqlara başlamaqdan imtina edir. Baxmayaraq ki, bu, yalnız regional təhlükəsizlik və sülh prosesləri üçün deyil, həm də insan haqları və ədalət baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Prezident İlham Əliyevin Ermənistana etdiyi çağırış, yalnız siyasi və diplomatik aspektlərdən deyil, həm də geniş humanitar və hüquqi çərçivədən nəzərdən keçirilməli, Ermənistan isə tarixi ədalətin bərpası və zorla köçürülmüş azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün konkret addımlar atmalıdır.

Sevinc Azadi, “İki sahil”