05 oktyabr 2017 14:39
756

Azərbaycan hesabatda 12 istiqamətdən 9-u üzrə irəliləyiş əldə edib

Azərbaycan beynəlxalq əhəmiyyətli hesabatda 12 istiqamətdən 9-u üzrə irəliləyiş əldə edib

Məlum olduğu kimi, Davos İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqində Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu mühüm nəticənin əsasında dayanan iqtisadi islahatlar, eləcə də son  günlər ölkə iqtisadiyyatının gündəmində dayanan əsas məsələləri iqtisadçı ekspert Vüqar Bayramov “İki sahil” oxucuları üçün şərh edir.

- Vüqar müəllim, bilirsiniz ki, Dünya İqtisadi Forumunun ölkələrin 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqində Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşdı.  Sizcə, bu necə baş verdi?

- Bu, əslində çox vacib bir məqamdır. Kifayət qədər ciddi bir qiymətdir. Hesabatda fərqli istiqamətlər var. Həmin hesabat Dünya İqtisadi Forumu tərəfindən hazırlanır. Dünya İqtisadi Forumu isə dünyada ən çox təsir imkanlarına malik olan iqtisadi qurumdur. Yeganə iqtisadi forumdur ki, dünyanın aparıcı ölkələrini, liderlərini, dövlət və hökumət başçılarını bir araya yığma imkanına malikdir. Bu baxımdan hesabat kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Hesabatda Azərbaycanın yalnız MDB-də deyil, regionda ən rəqabətqabiliyyətli ölkə olması təbii ki, önəmli nəticədir. Nəzərə alsaq ki, 2014-cü ildən sonra Azərbaycanda postneft dövrüdür. Neftin dünya bazarında qiyməti aşağıdır. Neft satışından əldə olunan gəlirlər təxminən üç dəfəyə yaxın azalıb. Buna baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə statusunu qoruyub saxlayıb.  Bu, birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatlarla bağlıdır.

Hesabata diqqət yetirsək görərik ki,  orada elə istiqamətlər var ki, Azərbaycan həmin istiqamətlərdə dünyada ilk onluğa daxildir. Təsəvvür edin ki, biznesə başlamaq istiqaməti üzrə Azərbaycan  dünyada ikincidir. Biznesə başlamaq üçün tələb olunan prosedurların sayına görə Azərbaycan dünyada ən yaxşı altı ölkədən biridir. Düşünürəm ki,  hesabatda bizim üçün əhəmiyyətli məqamlardan biri Azərbaycanın dünyanın 33 ən innovativ ölkədən biri kimi qeyd olunmasıdır.  Azərbaycan hesabatda 12 istiqamətdən 9-u üzrə irəliləyiş əldə edib. Bu, çox ciddi bir rəqəmdir və nəticədə biz iki pillə irəlilədik.

- Prezident İlham Əliyevin iştirakı ilə bu yaxınlarda Balaxanı Sənaye Parkının, Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Necə fikirləşirsiniz, müəssisələrin fəaliyyəti ölkə sənayesinə hansı töhfələri verəcək?

- Məlum olduğu kimi, hazırda sənayeləşmə Azərbaycan üçün prioritet məsələdir. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə regionlarda xeyli sayda müşavirələr keçirildi və cənab Prezident həmin müşavirələrdə çıxış edərək öz tapşırıq və göstərişlərini verdi. 2017-ci il daxil olmaqla ondan qabaqkı illərdə də sənayenin inkişafı prioritet məsələlərdən biri olmuşdur. Nəzərə alsaq ki, regionların inkişafı ilə bağlı Dövlət proqramları qəbul edilib və icra edilməkdədir.

Qeyd etdiyiniz sənaye mərkəzlərinin yaradılması bu mənada mühüm əhəmiyyət kəsb edir. Adətən regionların inkişafı deyəndə, ilk olaraq göz önünə gələn aqrar sektorun inkişafı olur. Qeyd edilən məhəllənin yaradılması həm də sənayeləşmənin Bakıdan regionlara transfer edilməsi baxımından vacibdir və ölkə başçısının bu sahədə gördüyü işlərin davamıdır.

- Bəs sözügedən sənaye mərkəzlərinin yaradılması Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərəcək?

-İlk növbədə bu mərkəzlərin yaradılması sənayeləşmə üçün vacib addımlardan biridir. Nəticədə dövlət sənaye sektorunun inkişafı üçün konkret sferalara dəstəyini nümayiş etdirir. Nəzərə alsaq ki, həmin məhəllələrdə sənayenin inkişafı sahibkarlara güzəşt əldə etmək hüququ verəcək və onların bazara çıxış imkanları asanlaşacaq, nəticədə dövlətin sənayeləşmə ilə bağlı təşviq fəaliyyəti xeyli genişlənəcək. Təbii ki, bu imkan verəcək ki, sənaye sektorunda çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edə bilsinlər. Məsələn,  Neftçalada 10 min avtomobilin  istehsal edilməsi nəzərdə tutulur. Onun 2 mini ixrac olunacaq. Nəticədə bir tərəfdən daxili bazarda qənaətcil avtomobilə olan ehtiyacın bir hissəsi yerli istehsal hesabına ödəniləcək, deməli, biz idxaldan asılılığın aradan qaldırılması baxımından növbəti addım atmış olacağıq. İstehsal edilən məhsulların ixrac imkanları olacaq. İxrac imkan verəcək ki, ölkəyə valyuta axınına nail ola bilək. Sözsüz ki, yeni istehsal sahələrinin yaradılması,  həm də yeni iş yerlərinin yaradılması baxımından vacibdir. 

- Bu ilin ötən müddətində maliyyə sabitliyi qorunub saxlanılıb. Necə proqnozlaşdırırsınız, ilin sonuncu rübündə bu proses hansı istiqamətdə davam edəcək?

- Bilirsiniz ki, fevral ayından etibarən manatın stabilliyinin qorunub saxlanılması müşahidə olunur. Mərkəzi Bank praktik olaraq manatın rəsmi məzənnəsini elan edir. Eyni zamanda, bazar məzənnəsi ilə rəsmi məzənnə arasında  ciddi bir fərq yoxdur. Növbəti dövrlərdə manatın məzənnəsinin stabilliyinin qorunub saxlanılması olduqca vacibdir. Təbii ki, stabilliyin qorunub saxlanılmasında yerli və xarici faktorlar mühüm rol oynayır. Bütün hallarda manatın məzənnəsinin növbəti dövrlərdə necə dəyişməsi Mərkəzi Bankın qərarlarından asılıdır. Əgər Mərkəzi Bank manatın rəsmi məzənnəsini dəyişməsə, bazar məzənnəsində o qədər də ciddi dəyişiklik olmayacaq. Bu baxımdan növbəti aylarda Mərkəzi Bankın mövqeyi çox önəmlidir. Mərkəzi Bank çalışmalıdır ki, manatın vəziyyətindəki stabilliyi qoruyub  saxlasın. Çünki bu, həm yerli sərmayə baxımından, həm də milli valyutanın formalaşması baxımından həlledicidir.

- İlin birinci yarısında ölkəmizə 1,2 milyon nəfər xarici ölkə vətəndaşı gəlmişdisə, son 8 ayın göstəricilərinə görə, bu rəqəm 1,8 milyon nəfəri ötüb. Bu tempi saxlamaq, turizm sektorunu mövsümlükdən çıxarmaq üçün hansı tədbirləri görmək olar?

- Turizmin inkişafı hazırda prioritetdir. Qeyd etdiyiniz kimi, bu ilin 8 ayında ölkəyə gələn turistlərin sayında təxminən 24 faiz  artım müşahidə olunur. Bu ondan xəbər verir ki, turistik ölkə olaraq Azərbaycana maraq artır. Məncə, burada əhəmiyyətli məqam ondan ibarətdir ki, baxmayaraq ki, ənənəvi ölkələr ilk yerləri qoruyub saxlamaqdadır, məsələn, Türkiyə, İran, amma eyni zamanda, bizim üçün turistik baxımından qeyri-ənənəvi olan ölkələrdən gələn turistlərin sayı artıb. Söhbət Yaxın Şərq və Asiya ölkələrindən gedir. Bu, olduqca vacibdir. Deməli, biz artıq qeyri-ənənəvilər ölkələrdən turistlərin ölkəyə gəlişini həyata keçiririk. Turistin isə ölkəyə gəlməsi dolayı yolla ixracdır. Çünki ölkəyə gələn turist burada valyuta xərcləyir.  Son rəqəmlərə əsasən, 2017-ci ildə ölkəyə gələn turistlər ölkə büdcəsinə 1 milyard dollar töhfə veriblər.  Təsəvvür edin ki, Azərbaycan bir milyard dollar investisiya cəlb edib. Turizm bəlkə də iqtisadi sahələr arasında az sahələrdəndir ki, demək olar ki, bütün sahələrin inkişafına təsirini göstərir. Turizm inkişaf edirsə, bu, xidmət sektoruna (restoran, kafe) töhfə verir. Gələn turist bank xidmətindən istifadə edir. Nəqliyyat və s. fərqli sektorların qazanmasına gətirib çıxarır. Təbii ki, infrastrukturun inkişafı, “ASAN viza”nın tətbiqi də turistlərin sayının artmasına gətirib çıxarır. Bildiyiniz kimi, Azərbaycan və Rusiya Xəzər dəniz gəmiçilik turizmini birgə inkişaf etdirməklə bağlı razılıq əldə ediblər. Qazaxıstanla da bağlı  bu mənada razılıq gözlənilir. Nəticədə turistlər üçün fərqliliklər qarşıya qoyulur. Bu da daha çox turistin diqqətini cəlb edir.

- Vüqar müəllim, dünya bazarında neftin qiyməti ilə bağlı sizin proqnozlarınız da maraqlıdır.

- Bildiyiniz kimi, son günlərdə dünya bazarında neftin qiymətində artım var. Təbii ki, bu, müsbət haldır. Neftin hər bir barrelinin bir dollar artması belə, Azərbaycan üçün gəlir deməkdir. Azərbaycan ixracatının təxminən 90 faizi neftin payına düşür.  Qiymətin proqnozlaşdırılması çox çətindir. Oxuculara bu çətinliyi daha dəqiq başa salmaq üçün  sadəcə bir faktı demək istəyirəm. Dünyanın aparıcı neft şirkəti olan BP-nin dayanıqlıq hesabatında qeyd olunur ki, BP neftin dünya bazarında qiymətini proqnozlaşdırma imkanına malik deyil, sadəcə öz xərcləri üçün bazar qiyməti müəyyənləşdirir. Çünki neftin dünya bazarında qiymətinin dəyişməsi həm də siyasi faktorlardan asılıdır. Kifayət qədər siyasi təsirlər var. Burada OPEC-in mövqeyi çox önəmlidir. Yaxın Şərqdə baş verənlərin, ABŞ-ın birbaşa təsiri var.  OPEC, o cümlədən Azərbaycan üçün neftin hər barrelinin qiymətinin 60 dollar intervalında dəyişməsi və stabilləşməsi məqbuldur. Azərbaycan iqtisadiyyatı artıq yeni qiymətlərə adaptasiya olunub.  Yeni qiymətlər, xüsusilə 50-60 dollar intervalında qiymətlərin qalması iqtisadiyyatın stabilliyi baxımdan məqbul hesab olunur.

Şəfiqə Dadaşova, “İki sahil”