Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə misilsiz xidmətləri olan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən də dərin ehtiramla yad edilib.
“İki sahil” xəbər verir ki, Ulu Öndərin anım günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə GİKM-in 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirilib. Sözügedən tədbirlər gənclərin Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlandırılması, onun irsinin öyrənilməsi və milli dəyərlərə bağlılığın gücləndirilməsinə yönəlib.
Gənclər Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərə dərin sevgi və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı gənclər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat əldə edib, onun milli dövlət quruculuğu sahəsində gördüyü işlərlə tanış olublar. Mərkəzlərdə nümayiş olunan eksponatlarla, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın inkişafını əks etdirən tarixi məqamlarla bağlı məlumatlar alıblar.
Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masa və görüşlərdə gənclər Heydər Əliyev irsinin Azərbaycan üçün əhəmiyyətini daha dərindən anlayıb, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı narminə görülən işlər haqqında məlumat əldə ediblər. Görüşlər zamanı “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Əbədiyyətin ilk əsri”, “Dahi lider” filmləri nümayiş olunub.