11 dekabr 2024 14:43
349

Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilə görüşüb.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, Baş katibi salamlayan Adil Kərimli Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub. Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb. Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.