09 dekabr 2024 13:30
724

“SOCAR Enerji Məktəbi”nin açılış mərasimi: İlk dərs Əliağada baş tutub

“SOCAR Türkiyə” və Sabancı Universiteti ilə birgə təşkil edilən “SOCAR Enerji Məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi və ilk dərsi “SOCAR Türkiyə”nin istehsal müəssisələrinin yerləşdiyi Əliağada baş tutub.

Türkiyənin ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə” tərəfindən Sabancı Universiteti ilə birlikdə təşkil edilən bu nüfuzlu proqrama qəbul olunmuş 72 nəfərin iştirak etdiyi tədbirdə “SOCAR Türkiyə” şirkətinin baş direktoru Elçin İbadov, “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin və "Petkim Petrokimya Holding"in Baş direktoru Kənan Mirzəyev və Sabancı Universitetinin rektoru professor  Yusuf Leblebici çıxış ediblər.

Açılış mərasimindən sonra iştirakçılar “SOCAR Türkiyə” Neft Emalı Zavodu və Neft-Kimya müəssisələrində təşkil olunan ekskursiya zamanı istehsal prosesləri ilə tanış olmaq imkanı əldə ediblər.

Açılış nitqi ilə çıxış edən "SOCAR Türkiyə"nin baş direktoru Elçin İbadov “SOCAR Enerji Məktəbinin” sertifikat proqramının üçüncü mərhələsinə başlamaqdan qürur duyduğunu diqqətə çatdırıb: “İnanıram ki, gərgin tətbiqlər arasından seçilən iştirakçılar enerji sektorunda geniş perspektiv qazanaraq həm özlərinə, həm də sektora dəyər qatacaqlar.”

Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici bildirib ki, Sabancı Universiteti olaraq enerji sahəsində əldə etdiyimiz irəliləyişlər bizi qürurlandırır: “Biz enerji texnologiyalarından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahədə işləyirik. “SOCAR Türkiyə” ilə başlatdığımız bu proqramın səmərəli nəticələrini görmək çox sevindiricidir. “SOCAR Enerji Məktəbi”nin üçüncü mərhələsi başlayarkən biz məmnuniyyətlə iştirakçılarımıza hərtərəfli və müasir təlim proqramını təklif edirik.”

Qeyd edək ki, “SOCAR Enerji Məktəbi”nin üçüncü mərhələsində təlimlər onlayn platformada davam edəcək və 10 fevral 2025-ci il tarixində başa çatacaq. Proqram çərçivəsində qlobal və regional enerji məsələləri, Türkiyə və Azərbaycanın enerji strategiyaları, enerji sahəsində yeni tendensiyalar və COP29-da müzakirə olunan mövzular ətraflı şəkildə araşdırılacaq.

Orxan Vahidoğlu, “İki sahil”