07 dekabr 2024 15:23
238

Gürcüstan hökuməti qərbdə yerləşən bir neçə qaz xəttinin “SOCAR Gas Georgia”ya satışını təsdiqləyib

Gürcüstan hökuməti ölkənin qərb ərazilərində yerləşən qaz xətlərinin Azərbaycanın “SOCAR Gas Georgia” şirkətinə 19,8 milyon lariyə birbaşa satışını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze müvafiq sərəncam imzalayıb.

Layihə İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti rayonlarının kəndlərində 41 qaz xəttinin özəlləşdirilməsindən ibarətdir. Proses 17 il üçün nəzərdə tutulub və Gürcüstan əyalətinə ödənişlər 2032-ci ildə başlayacaq. Şirkət 10 il ərzində hər il təxminən iki milyon lari ödəyəcək.

Qeyd edək ki, SOCAR-ın törəmə müəssisələri ölkədə qazpaylayıcı sistemlərin genişləndirilməsi və modernləşdirilməsi, SOCAR brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı ilə məşğul olur, həmçinin Gürcüstanın Qara dənizdəki Kulevi limanında Azərbaycan nefti və neft məhsullarının daşındığı neft terminalına malikdir. (AZƏRTAC)