07 dekabr 2024 00:57
806

Fransız xalqı Makrondan qurtula biləcəkmi?

Fransa parlamentində 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin deputatların müzakirəsi olmadan qəbul edilməsinə görə dekabrın 4-də  solçu Yeni Xalq Cəbhəsi koalisiyasının təşəbbüsü ilə Baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsi keçirilib. 331 deputat etimadsızlığa səs verib. Halbuki, votum üçün 288 səs lazım idi. Bununla da  elə bu ilin sentyabrında 34 yaşlı Qabriel Attalı əvəz edən 72 yaşlı ermənipərəst Baş nazir səlahiyyətlərini itirib. Fransanın Prezidenti Emmanuel Makron onun istefasını qəbul edib. Solçular bunu “Bu gün tarix yazırıq” kimi dəyərləndiriblər. Məlumat üçün bildirək ki, Fransa tarixində hökumətə etimadsızlıq votumu ikinci dəfə keçirilib. İlk dəfə - 1962-ci ildə parlament Jorj Pompidu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasına səs vermişdi.

Fransada hökumətin devrilməsinə baxmayaraq, tətillər davam edir. Dekabrın 5-də Kəndli Konfederasiyasının (Confederation paysanne) çağırışı ilə Parisdə Böyük Sarayın (Grand Palais) qarşısında  fermerlər iş şəraitini yaxşılaşdırmaq məqsədilə etiraz aksiya keçiriblər. Ertəsi günü isə həmkarlar ittifaqlarının çağırışı ilə dövlət qulluğunda çalışanlar nümayiş keçiriblər. Məlumatlara görə, həmin nümayişdə  200 min nəfər iştirak edib.

Buna oxşar tətillər bu ayın  11-də, 12-də və 13-də də davam etdiriləcək. Bu da ölkədə yoxsulluğun, sosial qeyri-bərabərsizliyin getdikcə dərinləşməsindən irəli gəlir. Ölkə iqtisadiyyatının vəziyyəti də xeyli pisləşib. Bu, həm də işsizliyin artımına səbəb olub, üstəlik investisiyaların qarşısını alıb. Sahibkarların xarici sərmayəni yayındırmaları və maliyyə böhranının başlaması səbəbindən Fransa indi İspaniya, Portuqaliya və Yunanıstandan daha yüksək faizlə borc alır. Hətta Fransanın dövlət borcu 3 trilyon avronu keçib. Ölkənin reytinqi  isə tarixində olmadığı qədər aşağı düşüb. Bir sözlə, ölkədə xaos hökm sürür.

İndi Fransa bu kimi problemlərdən çıxış yolları axtarır. Belə yollardan birini “Əyilməz Fransa” Partiyasının lideri Matild Panot göstərib.  Belə ki, o,  səsvermədən sonra növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib: “Xaosda biz yox, 7 ildir ölkəyə rəhbərlik edən Emmanuel Makron günahkardır. Növbədənkənar prezident seçkiləri lazımdır”. Vətənpərvərlər Partiyasının lideri Florian Filippo  buna oxşar fikir səsləndirib. "Təslim olmayan Fransa"nın nümayəndələri də Fransada növbədənkənar prezident seçkilərinin keçirilməsində israr edirlər. Yeri gəlmişkən qeyd edək ki, hələ bir müddət əvvəl siyasətçilər Fransa hökumətinin başçısı Mişel Barnyeyə etimadsızlıq səsverməsindən sonra Prezident Emmanuel Makronun istefası məsələsinin gündəmə gətiriləcəyinin qaçılmaz olduğunu bildirmişdilər. Artıq onların proqnozu özünü doğruldub.

Bəli, hazırda Prezident Emmanuel Makronun istefası gündəmdədir. Sağçı qrupun lideri Lö Pen  Emmanuel Makronun istefasına ümid edərək deyib ki, böyük alternativin yaxınlaşmasına çox az vaxt qalıb. Fransız xalqının əksəriyyəti də solçu partiyalar tərəfindən irəli sürülmüş Makronun Yeliseyi tərk etməsini dəstəkləyir. Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı kütləvi etiraz dalğası artıq ən yüksək həddə çatıb. Siyasətçilərn fikrincə, hadisələr bu şəkildə cərəyan etsə,  Emmanuel Makronun  adı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılan ilk dövlət başçısı kimi Fransa tarixinə həkk oluna bilər.

Amma Makron asanlıqla təslim olmaq fikrində deyil. Hətta o deyib ki, hökumətə etimadsızlıq göstərilsə belə, səlahiyyət müddəti başa çatanadək istefa verməyəcək. Bununla da o, ölkəsini düşünülməmiş siyasəti ilə fəlakətə sürükləməkdə israrlı olduğunu bildirib. Qeyd edək ki, Makronun səlahiyyət müddəti 2027-ci il mayın 13-də başa çatır.

Bu, bir faktdır ki, bütün bunlar Fransanın imicini ləkələyən, bu və ya digər ölkənin daxili işlərinə burnunu soxan, müstəmləkəçilik siyasətini davam etdirən, bir sözlə həm daxili, həm də xarici siyasəti ilə ölkəni uçuruma aparan Makronun yarıtmaz siyasətinin nəticəsidir. Bəli, Afrikadan qovulmağa başlayan, Ukrayna-Rusiya, Fələstin-İsrail məsələlərinə yeri gəldi gəlmədi müdaxilə edən Makron Fransası neçə ildir ki, təcavüzkar Ermənistanı dəstəkləməklə, onu silahlandırmaqla müstəqil xarici siyasət yeridən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Rəsmi Bakı da Fransanın bu mövqeyini tutarlı dəlillərlə ifşa edir, demokratiyadan, insan hüquqlarından dəm vuran  Parisin iç üzünü beynəlxalq aləmə göstərir. Bu gedişləri ilə Makronu başa salır ki, Cənubi Qafqazda öz hökmranlığını qurmaq cəhdləri vaxt və məsrəf itkisindən başqa bir şey deyil. Bu mənada demək olar ki, belə vəziyyətlərdə uduzan tərəf ölkəmizə qarşı hücumlarını dayandırmayan Fransanın özüdür. Təkcə bir faktı xatırladaq. Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov dekabrın 6-da rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, biz indiyədək Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Həmin tədbirdə iştirak edən Sen-Martendəki “Pro Soualiga” Fondunun katibi Renate Brison bildirib ki,  BTQ Sen-Martenin müstəqilliyinin əldə edilməsi uğrunda mübarizədə mühüm müttəfiqdir. Şübhəsiz, bu, Makron hakimiyyətinin beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə qarşı atdığı addımların Azərbaycan tərəfindən ifşasının daha bir bariz nümunəsidır. Bütün bu kimi addımlar da Makronun  reytinqinin aşağı düşməsində əhəmiyyətli rol oynayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”