05 dekabr 2024 23:10
203

Antimilli ünsürlərin ermənipərəst dairələrlə işbirliyi vahid mərkəzdən idarə olunur

Erməni lobbisinə yaxınlığı ilə bilinən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, Azərbaycanın müstəqil siyasət yeritməsini, inkişafını həzm edə bilməyən Qərbdəki ermənipərəst dairələr, Cənubi Qafqazda dayanıqlı sülhdə və qarşılıqlı əməkdaşlıqda deyil, gərginliyin davam etməsində maraqlı olan qüvvələr son zamanlar demokratiya, insan haqları məsələləri üzərindən ölkəmizi hədəf almaqla əsl simalarını bir daha ortaya qoyurlar.

Gerçəklik odur ki, Azərbaycanın xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyata keçirməsini qısqanclıq və narahatlıqla qarşılayan məkrli qüvvələr ölkəmizdəki dağıdıcı müxalifət nümayəndələrinin donoslarını, internet resurslarındakı antimilli çıxışlarını əsas götürərək məqsədli şəkildə respublikamıza qarşı sistemli fəaliyyətlərini daha da gücləndiriblər.

Dəfələrlə yazmışıq ki, başda AXCP sədri Əli Kərimli olmaqla antimilli cəbhənin uzun illərdən bəri Qərbdəki bəzi mərkəzlərdən aldıqları qrantların qarşılığında ölkəmizə qarşı xəyanətkarcasına apardıqları şər-böhtan kampaniyası məsələnin görünən tərəfidir. Arxa planda isə tamamilə başqa qüvvələr var. Məhz həmin qüvvələr, məkrli beyin mərkəzləri Azərbaycanın nüfuzuna zərbə vurmaq, ictimai rəyi yanlış istiqamətə yönləndirmək, süni ajiotaj yaratmaq üçün əsassız, absurd iddialarla, şər-böhtan, uydurma yalanlarla, həqiqətlə daban-dabana zidd olan məlumatlarla “silahlanan” nihilist, qaragüruhçulardan maşa kimi istifadə edirlər. Son zamanlar erməni lobbisinin dəstəyi ilə yayımlanan bəzi xarici mətbuat orqanlarında, eləcə də sosial şəbəkə platformalarında  ölkəmiz barəsində yalan, uydurma məlumatların yayılması, insan haqları, demokratik dəyərlərlə bağlı əsassız ittihamların irəli sürülməsi bədxahlarımızla anti-Azərbaycan dairələrin ruporu rolunu oynayan antimilli ünsürlərin sinxron işbirliyinin göstəricisidir.

Zəngin təbii energi ehtiyatları, əlverişli coğrafi mövqeyi ilə Avrasiyanın ən vacib geosiyasi elementlərindən biri olan Cənubi Qafqazda etno-siyasi, ərazi münaqişələrinin, qarşıdurmaların və gərginliyin davam etməsində maraqlı olan, hazırda qonşu Gürcüstanı fəlakətə, daxili ictimai-siyasi xaosa sürükləmək üçün məkrli planlarını işə salan Qərbdəki güc mərkəzlərinin nəzarətində olan təşkilatların Azərbaycanda insan haqlarının qorunması ilə bağlı reallığı əks etdirməyən iddialar, bəyanatlar səsləndirmələri heç də təsadüfi deyil. Dekabrın 4-də Avropa İttifaqının, Böyük Britaniyanın, İsveçrənin, ABŞ-ın ölkəmizdəki səfirliklərinin Azərbaycanın hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyətinin, mətbuat nümayəndələrinin, ictimai fəalların iştirakı ilə təşkil etdikləri qəbulda respublikamızda insan haqları ilə bağlı əsassız iddialar və ittihamlar səsləndirmələri bir daha təsdiq edir ki, onlar hələ də öz məkrli niyyətlərindən və sərsəm iddialarından əl çəkməyiblər.

Bütün bunların fonunda mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların  üzdəniraq fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, bu unsürlər anti-Azərbaycan təbliğatın yalnız vintcikləridir. Hamımız yaxşı bilirik ki, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı kimi dağıdıcı müxalifət təmsilçiləri və xaricdə “siyasi mühacir” donuna bürünən xəyanətkarlar demokratiya, insan hüquqları, söz, vicdan azadlığı və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yaydıqdan sonra onları donos şəklində anti-Azərbaycan qüvvələrə, Qərb dövlətlərinin ölkəmizdəki səfriliklərinə ötürürlər. Təpədən dırnağa qədər Azərbaycan əleyhdarları olan, erməni lobbisinin çirkli pulları ilə fəaliyyət göstərən məlum qüvvələr, eləcə də səfirlik nümayəndələri ötürülmüş məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairələrinə sızdırırlar. Bu dairələr isə həmin donoslardan həm cəmiyyətdə narazılıq yaratmaq, həm də  hökumətə siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Bütün bunlar satqınlığın, xəyanətkarlığın, mənəviyyatsızlığın təcəssümü və pik nöqtəsidir.

Zahid Rza, “İki sahil”