06 dekabr 2024 00:28
261

Rəsmi İrəvanın sülhdən yayınma manipulyasiyaları

Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində ciddi irəliləyiş əldə edilib, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib. Sülh müqaviləsinin mətninin xeyli hissəsi razılaşdırılıb. Sazişin imzalanması yolunda ən böyük maneə Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasıdır ki, o da hələ  təcavüzkar ölkənin daxili siyasətinin tam prioritet mövzusuna çevrilməyib. Bu da səbəbsiz deyil. Belə ki, hazırda Ermənistan bütün gücünü Qərbin təhriki ilə sürətlə silahlanmaya yönəldib. Hətta demək olar ki, Hayastanın silah almadığı ölkələri barmaqla saymaq olar.

Prezident İlham Əliyev dünən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində də növbəti dəfə bu məsələyə toxunub: “Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir”.

Yeri gəlmişkən, dekabrın 4-də  Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Avropa İttifaqının  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşündə Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyini bildirib.

Digər tərəfdən, Qərb Ermənistanın Avropaya inteqrasiya məsələsini də ortaya atıb ki, bu da hazırda sülh danışıqlarının müəyyən mənada ləngidilməsinə xidmət edir. Bütün bunladan belə qənaətə gəlmək olar ki,  hazırda Ermənistan Azərbaycanla sülh mövzusunu ikinci plana keçirib.

Şübhəsiz,  bütün bunlar Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları həzm edə bilməyən Qərbin, xüsusilə Makron Fransasının Ermənistan vasitəsilə bölgədə möhkəmləməsinə xidmət edir. Elə bu kimi səbəblərdən, daha doğrusu, havadarlarının təhriki ilə Ermənistan bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab vermir. Bəli, Gürcustanda istəyinə nail ola bilməyən xarici qüvvələr Ermənistana xoş günlər vəd etməklə heç bir vəchlə onu əllərindən buraxmaq istəmirlər. Çünki mövcud durumda Ermənistan Qərbin Cənubi Qafqaz planlarının reallaşdırılması üçün olduqca vacib alətdir. Təcavüzkar ölkə də kor-koranə Qərbin diktəsi ilə oturub-durmaqdadır. Daha doğrusu, Nikol Paşinyan Qərb tərəfindən ona verilmiş tezisləri reallaşdırmaqla, müxtəlif manipulyasiylarla məşğuldur. Əgər təcavüzkar ölkə sülh niyyətində olsaydı  konstitusiyaya düzəliş edərdi, ATƏT-in Minsk qrupunun fatihəsini verərdi, casusluqla məşğul olan Avropa İttifaqının “mülki missiya”sını özündən uzaqlaşdırardı.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Polşanın Prezidenti Andjey Duda  Ermənistan-Azərbaycan şərti sərhədində “binokl şou”su göstərib. Bununla da o, Qərbin  “mülki missiya”ya olan sevgisini bir daha nümayiş etdirib. Şübhəsiz, avropalı kəşfiyyatçıların bu kimi əməlləri bölgədə vəziyyəti gəriginləşdirməyə hesablanıb. Amma bu, bir həqiqətdir ki, Ermənistan  rəsmilləri utanıb-qızarmadan tribunalardan sülhə hazır olduqlarını bəyan edirlər. Hətta bu günlərdə Nikol Paşinyan parlamentdə bildirib ki, bizə Azərbaycanla müharibə lazım deyil. Şübhəsiz, Ermənistan bu kimi manipulyasiya və siyasi avantüralarla sülh prosesini ləngitmək, yaxud iflasa uğratmaq istəyir. Bu istiqamətdə heç bir əməli addımlar atılmaması da bunu bir daha təsdiqləyir. Bununla da əgər belə demək mümkünsə, haylar saman altından su yeridirlər. Halbuki, mövcud durumda Cənubi Qafqazda sülh və əmin-amanlıq, həmçinin əməkdaşlıq məsələləri prioritet olmalıdır.

Hətta  Ermənistan  anti-Azərbaycan siyasətini bu gün də davam etdirir. Rəsmi İrəvanın beynəlxalq platformalarda Qarabağ ermənilərinə qarşı olmayan etnik təmizləmədən, Qarabağın erməni mədəni mirasının məhvindən söz açmasını buna misal göstərmək olar. Onu da xatırladaq ki, oktyabrda Kazanda BRİKS sammiti çərçivəsində görüşən iki ölkə rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan xarici işlər nazirlərinə danışıqları intensivləşdirmək və sülh sənədinin imzalanmasını tezləşdirmək tapşırığı vermişdilər. Təəssüf ki, ötən zaman kəsiyində Ermənistan növbəti dəfə vədinə əməl etmədi, sadəcə, silahlanmağı davam etdirdi. Amma Ermənistan unutmasın ki, rəsmi Bakının sözü sözdür, yəni, beynəlxalq hüquq normaları çərçivəsində qalib tərəf kimi onun irəli sürdüyü şərtlərə əməl olunmalıdır, yarımçıq sülh imzalana bilməz. Təəssüf ki, hələ də Ermənistan əbəs yerə var-gəl etməkdədir. Obrazlı şəkildə desək, “bəlkə də qaytardılar” xülyası ilə yaşamaqdadır. Bütün bunlar da Ermənistanın sülhə deyil, bölgəni növbəti dəfə od-alova qərq etmək istəyindən xəbər verir. Bu mənada Ermənistanın sülhə məcbur edilməsi vacibdir. Hər halda mövcud durumda görünən mənzərə belə deməyə əsas verir.

Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin tezliklə təmin olunmasının tərəfdarıdır və bu istiqamətdə əməli addımlar atmaqda davam edir. Çünki rəsmi Bakı yaxşı bilir ki, yaratdığı yeni reallıqlar fonunda bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması vacibdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”