05 dekabr 2024 15:21
212

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

Tədbirdə sənaye 4.0 texnologiyaları və onların gələcəyin iş mühitinə və əmək bazarına təsirləri müzakirə olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı və ADA Universitetinin dəstəyi ilə dekabrın 4-də “elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” çərçivəsində "Sənaye 4.0 və əmək bazarının gələcəyi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbir iştirakçılarını salamlayan ADA Universitetinin Qeydiyyat və tələbə xidmətləri üzrə prorektoru Günay Ziyadova süni intellekt də daxil olmaqla 4-cü sənaye inqilabı texnologiyalarının gündəlik həyatımızda rolunu vurğulayıb.

4SİM-in İcraçı direktorunun müavini Soltan Bayramov qurumun fəaliyyəti və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O həmçinin Dördüncü Sənaye İnqilabı dövründə gələcəyin peşələri ilə bağlı sürətlə dəyişən qlobal trendlərdən və gənclərimizin bu trendlərə çevik adaptasiya olmasının önəmindən söz açıb.

Yerli və beynəlxalq ekspertlər Ayxan Hüseynli və Mercan Bakirezen tərəfindən "Sənaye 4.0: Süni İntellekt və Robototexnika" və "Əmək bazarının gələcəyi” mövzularında təqdimatlar edildi.

Sonda data elmləri üzrə mütəxəssis Ülviyyə Cəfərlinin də iştirakı ilə “sənaye 4.0 texnologiyalarının gələcəkdə əmək bazarına təsirləri” ilə bağlı panel sessiyası baş tutub. Spikerlər qabaqcıl texnologiyaların tətbiqi, iş prosesinin yeni reallıqlara uyğunlaşması və gələcəyin əmək bazarının gözləntiləri barədə öz fikir və mülahizələrini paylaşıblar.