Sevindirici haldır ki, son illərdə ölkəmizdə könüllülük hərəkatı genişlənir və onun inkişafına dövlət tərəfindən əhəmiyyətli dəstək göstərilir. Bu il 100-dən artıq gənc, indiyədək isə 750-dək gənc KOBİA-da könüllülük fəaliyyətinə cəlb olunub. Könülüllər agentlikdə işlə təmin oluna bilirlər. Belə ki, könüllülük müddətində öz aktivliyi və təşəbbüskarlığı ilə seçilən 20-yə qədər gənc könüllü KOBİA-da işlə təmin olunub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nun açılış mərasimində deyib.
O.Məmmədov bildirib ki, könüllülük təkcə sosial məsuliyyət deyil, həmçinin sahibkarlıq ekosisteminin inkişafında mühüm rol oynayan strateji bir fəaliyyət növüdür: “Sahibkarlıq ekosistemi innovasiya yaradan, iqtisadi inkişafı sürətləndirən və cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olan bir sistemdir. Həmin ekosistem startaplardan, investorlar, mentorlar, hökumət qurumları və könüllülərdən ibarət geniş bir şəbəkəni əhatə edir. Könüllülər bu sistemin əsas dayaqlarından biridir. Çünki onlar fərqli səviyyələrdə dəstək göstərərək sistemin dayanıqlığını təmin edirlər. Sahibkarlıq ekosistemində maliyyə və insan resursları məhduddur. Könüllülər bu boşluğu dolduraraq şirkətlərə və startaplara əlavə işçi qüvvəsi kimi dəstək göstərirlər. Beləliklə layihələr minimal həcmlə, xərclə həyata keçirilir və resurslar daha səmərəli idarə olunur”.