“Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlığı mesajları gəlib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, baş vermiş dəhşətli qəzadan kədərləndiklərini bildirib, xalqımıza və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.
Həmçinin Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomalinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun, Monteneqro Parlamentinin sədri Andriya Mandiçin, MDB PA Şurası Katibliyinin Milli Məclis sədrinə ünvanladıqları məktublarda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib, yaralıların tezliklə sağalmaları diləyi çatdırılıb.
Bundan başqa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes özlərinin sosial şəbəkələrdəki səhifələrində paylaşımlar edərək, bu çətin günlərdə xalqımızla həmrəyliklərini ifadə ediblər.