Ermənistan müharibəyə hazırlaşır. Üstəlik, Ermənistan bu işdə yalnız deyil. Yəni məsələ böyük bir oyunun tərkib hissəsidir. Rusiyanı dünyanın müxtəlif istiqamətlərində zəiflətmək üçün Qərb planlar cızır və buna görə də Qərbə bir neçə oyunçu lazımdır. Bu dəfə Ermənistan masa üzərinə gətirilir və Rusiyanı zəiflətmək üçün Cənubi Qafqaz ikinci cəbhə qismində görür. Biz, eyni zamanda, onu da qeyd etməliyik ki, Rusiyanı zəiflətmək planları Yaxın Şərqdə də bu gün aktuallaşıb. Məsələ ondan ibarətdir ki, 2018-ci ildə Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəldi və şübhəsiz ki, Paşinyan həm də öz reytinqini qaldırmaq üçün Azərbaycanla hər hansı bir müharibədə, hər hansı bir eskalasiyada özünə kiçik də olsa uğur qazanmaq istəyir. Fransadan sonra Hindistan və Yunanıstanın əli ilə də Ermənistan silahlandırılır və şübhəsiz ki, Qərbin burada planları fərqli istiqamətdə idi. Qərb istəyirdi ki, Ukrayna vasitəsilə Rusiya üzərində qələbə əldə etsin. Amma görünən mənzərə tamamilə fərqli bir reallığı diktə edir. Çünki, günü-gündən Qərbin vəziyyəti pisləşir, Rusiya isə irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini tamamilə başqa istiqamətə yönləndirmək istəyirlər.
Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi.
Ekspert qeyd etdi ki, burada məsələ həm də ondan ibarətdir ki, Avropa İttifaqının Ermənistandakı hərbi missiyası Azərbaycanın ordusu haqqında, onun hissələrinin dislokasiyası haqqında, kəşfiyyat məlumatlarını toplayaraq Ermənistan tərəfinə ötürür. Bu isə heç şübhəsiz ki, Qərbin simasını bir daha aydın şəkildə üzə çıxarır. Qərbin dəstəyi, təhriki ilə Cənubi Qafqaz regionunda vəziyyətin yenidən gərginləşməsinə edilən cəhdlər ümid edilən sülhə fundamental bir zərbədir. Bu istiqamətdə biz Qərbin Azərbaycana qarşı yersiz təzyiqlərinin, təhdidlərinin də şahidi olduq. Amma Azərbaycanın dövləti heç bir halda bunlara boyun əymədi və şübhəsiz ki, dövlət başçımız hər zaman Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində addım atır və xarici siyasətimiz birmənalı qaydada ölkəmizin milli maraqlarının təmin olunmasına istiqamətlənib.
Şəbnəm Həsənova onu da vurğuladı ki, qonşu Gürcüstan da bu istiqamətdə artıq Qərbin simasını aydın gördü. Növbəti hədəf Ermənistandır. Ermənistanın atacağı hər hansı bir yanlış addım sadəcə dövlət deyil, bütövlükdə regionu gərgin bir vəziyyətə sürükləyəcək. Bu baxımdan, şübhəsiz ki, Ermənistan hakimiyyəti olduqca dəqiq və korrekt addımlar atmalıdır. Atacağı addımlarla Cənubi Qafqazı böyük bir oyunun içərisinə atmalı deyil.
Səbinə Kazımova, “İki sahil”